Bu gün bizdə çox müsbət vəziyyət yaranıb, dövlət borcunun ÜDM-ə nisbəti 50 faizdir.
Newscenter.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə bu gün, noyabrın 24-də Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.
“Yumşaq desək, bu, müsbət göstəricidir. Bu, valyutanın məzənnəsinin dəyişməsinin nəticəsidirmi? Əlbəttə, məzənnənin dəyişməsi rol oynayır, lakin biz məmnuniyyətlə qeyd etdik ki, bu, dövlət borcunun idarə edilməsinin keyfiyyətindən çox asılıdır. İndi çox spekulyasiya edirlər, deyirlər: “Vay, Ermənistanın dövlət borcu 7 milyard olub. Yeddi milyard, bəli, neçə milyard oldu?”,- Paşinyan ölkənin maliyyə nazirinə sual verib.
“Bu ilin sonunda 10 milyarddan bir qədər çox olacaq”, - Tiqran Xaçatryan cavabında deyib.
“Bəli, 10 milyard və s., fərqi yoxdur, önəmli olan ÜDM-ə nisbətdə dövlət borcunun miqdarıdır. Tutaq ki, belə bir adamın 50 min dollar borcu var. Vay, necə olacaq, necə olacaq, tutaq ki, adam ayda 45 min dollar maaş alır, 50 min dollar borc onun üçün problem deyil. Bizim problemimiz borcumuzun 10 və ya 15 milyard olmamasında deyil, bizim problemimiz ondan ibarətdir ki, borcumuz ÜDM-ə nisbətdə artmamalı, əksinə azalmalıdır”, - Paşinyan bildirib.
Öz növbəsində Tiqran Xaçatryan bildirib ki, 2023-cü ilin sonunda dövlət borcunun ÜDM-ə nisbətinin 49 faiz olacağı proqnozlaşdırılır.
Anar Tagıyev