Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kəlbəcərin azadlığı Azərbaycan və şəxsən Müzəffər Ali Baş Komandan üçün prinsipial məsələ idi

Kəlbəcərin azadlığı Azərbaycan və şəxsən Müzəffər Ali Baş Komandan üçün prinsipial məsələ idi


Bu gün erməni silahlı birləşmələrinin Kəlbəcər rayonunu boşaldıb Azərbaycan Silahlı Qüvvələrinə təhvil verməyə məcbur edilməsindən iki il ötür. Artıq ikinci ildir ki, Kəlbəcər düşmən tapdağından birdəfəlik azaddır.

Hər kəsə bəllidir ki, Kəlbəcər mürəkkəb coğrafi relyefə malik bir ərazi olduğu üçün qış dövründə burada hansısa hərbi əməliyyat faktiki mümkünsüzdür. Əlbəttə, ordumuzun qələbəsinə şübhəmiz yox idi, lakin o da aydın idi ki, Kəlbəcər minlərlə şəhidin həyatı bahasına azad olunacaqdı. Bu mənada, hərbi əhəmiyyətli yüksəkliklərdə 30 il ərzində möhkəmlənmiş Ermənistanı bir güllə atılmadan, kapitulyasiya şərti kimi Kəlbəcərdən çıxmağa məcbur etməklə, Prezident İlham Əliyev dünya hərb tarixində müstəsna bir səhifə açmış oldu. Onun hərbi və diplomatik müstəvidə çevik və sərrast addımları faktiki olaraq İrəvanı bütün imkanlardan məhrum etdi. Bu il, Zəfər Günü Şuşada verdiyi bəyanatda da cənab Prezidentin dediyi kimi, "İkinci Qarabağ müharibəsindən dərhal sonra, sadəcə olaraq, o qədər qorxu içində idi ki, təbii, o müddəaları yerinə yetirmişdir və bir güllə atılmadan Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğal altında olan əraziləri bizə qaytarıldı. Əgər qaytarmasaydı, yenə də başlarını əzəcəkdik".

Ümumiyyətlə, Kəlbəcərin azadlığı Azərbaycan və şəxsən Müzəffər Ali Baş Komandan üçün prinsipial məsələ idi. Cənab İlham Əliyev açıq şəkildə Kəlbəcər rayonunun işğal altına düşməsini böyük faciə hesab edirdi. Çünki Kəlbəcərin işğal altına düşməsi Ermənistanın sonrakı işğalçılıq siyasətinə böyük üstünlüklər vermiş, Kəlbəcər üzərindən Ermənistanla Sovet dövründə “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlandırılan ərazi arasında bir çox yollar vasitəsilə əlaqə yaradılmış, silahlar, texnikalar, canlı qüvvə göndərilmişdir. Bu mənada Kəlbəcərdə Azərbaycanın nəzarətinin bərpa olunması, həm də beynəlxalq hüquqla tanınan ərazilərimizdə separat meyillərin və terrorçuların gələcək taleyini köklü həll edən strateji əhəmiyyətə malik siyasi qələbədir.

Bu gün Kəlbəcərdə böyük sürətlə quruculuq bərpa prosesi davam edir. Kəlbəcərlilərin layiqli həyat şəraiti və qayıdışının təmini üçün dövlət bütün lazımi addımları atmaqdadır. Cənab İlham Əliyevin dediyi kimi, "biz buraya qayıtmalı idik və qayıtdıq. Onlar buradan getməli idilər və getdilər. Tarixi ədalət bərpa olundu və biz Kəlbəcərin inkişafı ilə bağlı artıq planlarımızı reallaşdırırıq".

Bəhruz Məhərrəmov-Milli Məclisin deputatı
Xəbəri paylaş