Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Laçın Beynəlxalq Hava Limanı böyük strateji əhəmiyyətə malik olmaqla yanaşı, həm də logistik mərkəzlərin yaradılmasına mühüm töhfə olacaq"

“Laçın Beynəlxalq Hava Limanı böyük strateji əhəmiyyətə malik olmaqla yanaşı, həm də logistik mərkəzlərin yaradılmasına mühüm töhfə olacaq"


“Laçın Beynəlxalq Hava Limanı böyük strateji əhəmiyyətə malik olmaqla yanaşı, həm də logistik mərkəzlərin yaradılmasına mühüm töhfə olacaq"

İki il bundan əvvəl Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində işğalçı Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur edildikdən sonra Ağdam və Kəlbəcər rayonlarının ardınca Laçın rayonunu da döyüşsüz tərk etməli oldu. Azərbaycanın mühüm geostrateji mövqeyə malik olan Laçın rayonu 1 dekabr 2020-ci ildə 28 illik işğaldan sonra Azərbaycana qaytarıldı.

Ötən illər ərzində işğalçı Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni fəaliyyətlə məşğul olub. Belə fəaliyyət bütün beynəlxalq konvensiyalarda hərbi cinayət kimi təsbit edilir və bu cinayət dünya ictimaiyyətinin gözü qarşısında baş verib.
Bu gün “Böyük Qayıdış” Dövlət Proqramına uyğun olaraq, Laçın rayonunun da bərpası prioritet təşkil edir. Hazırda Laçın istiqamətində dövlət sərhədləri möhkəmləndirilir və infrastruktur layihələri reallaşdırılır. Artıq Laçın rayonunda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyasını işə salınıb. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Prezident İlham Əliyevin sərəncamına əsasən, Kəlbəcər-Laçın avtomobil yolu tikilməkdədir.

Regionun strateji əhəmiyyətini artıran ən mühüm amillərdən biri isə Laçında beynəlxalq hava limanının inşasına başlanmasıdır. Bu hava limanının inşası bölgənin beynəlxalq statusunu artırmaqla yanaşı, mülki aviasiya, yükdaşıma və hərbi baxımdan da böyük əhəmiyyətə malikdir. Laçın hava limanı həm bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, həm turizm potensialının artırılmasına kömək edəcək, həm də bu hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaqdır.
Sovet dövründə bu ərazidə hava limanının tikilməsi mümkün olmasa da, bu gün müstəqil Azərbaycan bunu öz gücü hesabına həyata keçirir.

Təsadüfi deyil ki, Prezident İlham Əliyev 25 noyabr tarixində ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransdakı çıxışında bir neçə dəfə Laçın rayonunun adını çəkdi.
Qeyd etmək lazımdır ki, Azərbaycanın coğrafi mövqeyinin üstünlüyü Avropa ilə Asiyanın arasında yerləşməsindədir. Ölkəmiz uzun illərdir ki, infrastrukturun inkişafına sərmayə yatırır. Dəmir yollarımız, yol infrastrukturumuz deməyə əsas verir ki, Azərbaycanda bu sahədə hər şey hazırdır. Azərbaycan həm Şimal-Cənub, həm də Şərq-Qərb dəhlizlərinin iştirakçısıdır və ölkəmizdə bu dəhlizlərlə bağlı əksər nəqliyyat və logistika infrastrukturu hazırdır.

Hazırda Azərbaycanda hava limanları layihələrinin tamamlanması prosesi gedir. Laçın hava limanı hazır olandan sonra, o, işğaldan azad edilmiş ərazilərimizdə üçüncü hava limanı olacaq. Bununla da Azərbaycanda beynəlxalq hava limanlarının sayı doqquza çatacaq. Bu, təkcə sərnişin daşımaları üçün yox, həm də yük daşımaları üçün mühüm əhəmiyyətə malikdir.

Bütün bunlar deməyə əsas verir ki, Azərbaycan Orta Dəhliz kimi irimiqyaslı layihəni də icra etmək əzmindədir və Laçın rayonunda beynəlxalq aeroportun tikilməsi böyük strateji əhəmiyyətə malik olmaqla yanaşı, həm də logistik mərkəzlərin yaradılmasına mühüm töhfə olacaq.

Jalə Əhmədova-Milli Məclisin deputatı
Xəbəri paylaş