Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Könüllülərimiz bütün gözləntiləri doğrultmaqla böyük potensiala malik olduqlarını nümayiş etdiriblər

Könüllülərimiz bütün gözləntiləri doğrultmaqla böyük potensiala malik olduqlarını nümayiş etdiriblər


Bu gün dünyada Beynəlxalq Könüllülər Günü qeyd edilir. Xalqa, dövlətə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyi olan könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin heç şübhəsiz ki, ən uğurlu formatıdır. Bu fəaliyyətin təməl prinsiplərini təşkil edən ideallar xalqımızın milli mənəvi məfkurəsi ilə üst-üstə düşsə, əsrlər boyu könüllü və təmənnasız kömək ənənələrini yaşatsaq da könüllülük hərəkatının dövlət tərəfindən təşkilatlanmış modeli Prezident İlham Əliyevin adı ilə bağlıdır.

Newscenter.az-ın xəbərinə görə, bu fikirləri səsləndirən Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib ki, dövlət başçısının Balakən regional “ASAN xidmət” mərkəzinin açılışında ifadə etdiyi kimi, sözün əsl mənasında Azərbaycanda könüllülər hərəkatı “ASAN xidmət” mərkəzlərində başlamış, bu fədakar fəaliyyətin təşviqi məqsədilə normativ hüquqi baza təkmilləşdirilmiş, dövlət dəstəyi mexanizmləri formalaşdırılmış, nəticədə könüllülük ümummilli hərəkata çevrilmiş, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq, hər bir bölgəmizdə, cəmiyyətimizin bütün təbəqələrini əhatə edərək, həyat tərzinə çevrilmişdir:

"Ötən dövrdə Avroviziya Mahnı Müsabiqəsi, I Avropa Oyunları, “Formula 1” yarışları, IV İslam Həmrəyliyi Oyunları kimi nəhəng beynəlxalq tədbirlərin həyata keçirilməsində könüllülərimiz bütün gözləntiləri doğrultmaqla bu hərəkatın necə böyük potensiala malik olduğunu nümayiş etdirmişdir. Vətən müharibəsində isə könüllülərimiz həm ön cəbhə, həm də informasiya savaşında əsl vətənpərvərlik, cəsarət və rəşadət nümunəsi ortaya qoymaqla könüllülüyün həm də ruh, vicdan və əxlaq məsələsi olduğunu göstərdilər. Təbii ki, bütün bunlar diqqətdən kənarda qala bilməzdi və cənab Prezident də gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə 2020-ci il Azərbaycanda “Könüllülər ili” elan etmiş, habelə ölkədə Könüllülük Həftəsi keçirilmişdir".

Millət vəkili qeyd edib ki, bu gün ölkədə mərkəzi və yerli icra hakimiyyəti orqanlarında on minlərlə gənci birləşdirən könüllü qrupları, habelə ASAN, “Regional İnkişaf” İctimai Birliyi, “Bir” Tələbə könüllülüləri və digər könüllü hərəkatları Azərbaycanda könüllülük fəaliyyətinin arealının, miqyasının getdikcə genişlənməsindən xəbər verir:

"Böyük qürur hissi ilə qeyd etmək istəyirəm ki, təmsil etdiyim Biləsuvarda da könüllülərimiz yaradıcı, təşəbbüskar, innovativ düşüncə tərzləri ilə rayonun ictimai həyatında mühüm rol oynamaqda, bütün sferalar üzrə qoşulduqları fəaliyyətə yeni nəfəs verməkdədirlər. Bu əlamətdar gündə, başda Biləsuvar təmsilçiləri olmaqla, ölkəmizin hər bir guşəsində təşəkkül tapmış könüllülük hərəkatının əziz fədailərini Beynəlxalq Könüllülər Günü münasibətilə ürəkdən təbrik edir, öz nəcib missiyasında hər bir könüllümüzə bol-bol uğurlar arzulayıram".

Anar Əliyev
Xəbəri paylaş