Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində regionlarda çalışan müfəttişlərlə görüş keçirilib. Görüşdə müfəttişlərin fəaliyyəti, iş rejimi barədə müzakirələr aparılıb və təkliflər dinlənilib.
Newscenter.az-a Agentlikdən daxil olan xəbərə görə, AYNA-nın İdarə Heyətinin sədri Anar Rzayev müfəttişlərin qarşısında duran əsas vəzifə və öhdəliklərə toxunaraq onlara nə dərəcədə riayət olunduğundan danışıb. Qurum rəhbəri bildirib ki, yeni yaradılan agentlikdə köhnədən miras qalan bütün problemlər tez bir zamanda aradan qaldırılmalı və əsas dəyər olan insanlar rahat və keyfiyyətli xidmətlə təmin olunmalıdır. Buna görə müfəttişlərin də üzərinə böyük məsuliyyət düşür. Bu xüsusda iş rejiminə riayət edilməsi, vəzifə öhdəliklərinin düzgün, tapşırıqların isə vaxtında yerinə yetirilməsi əsas şərtdir. İdarə Heyətinin sədri əməkdaşların vətəndaşlarla rəftarı məsələsinə də toxunaraq vurğulayıb ki, bu məsələdə həssas yanaşma nümayiş etdirilməli və neqativ hallara qəti yol verilməməlidir.
Görüşdə bildirilib ki, “Fərqlənmə nişanı”nın elektron qaydada əldə edilməsi geniş təşviq olunmalıdır.
Müntəzəm avtobus marşrutları üzrə qeyri-qanuni sərnişin daşımaları hallarının qarşısının alınması məqsədilə keçirilən reydlərlə bağlı cari vəziyyət müzakirə edilib və müvafiq tapşırıqlar verilib.
Sevinc