“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC (Bakı Limanı) böyük məmnuniyyətlə Birləşmiş Millətlər Təşkilatının (BMT) Qlobal Sazişinə üzv qəbul edildiyini elan edir.
Newscenter.az quruma istinadən xəbər verir ki, hazırda 18 dəniz limanı və liman idarəçiliyi şirkətini bir araya gətirən bu sazişə Bakı Limanının da qoşulması barədə qərar, BMT-nin Baş Katibinin müavini və BMT-nin Qlobal Sazişinin icraçı direktoru xanım Sanda Ojiambonın Bakı Limanına ünvanladığı məktubla elan edilib. Məktubda xanım Ojiambo, Bakı Limanını Sazişə qəbul edilməsi münasibəti ilə təbrik edib, həmçinin Bakı Limanın BMT-nin Qlobal Sazişinin universal prinsipini qəbul edərək qlobal iqtisadiyyata, Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) töhfə vermək üçün həyata keçirdiyi fəaliyyətlərə BMT sisteminin dəstəyini vurğulayıb.
Regionun logistika və nəqliyyat qovşağı olan Bakı Limanı, öz əməliyyat prinsiplərini DİM prinsiplərinə uyğunlaşdırmağa, eləcə də regional təchizat zəncirinin inkişaf etdirilməsi üçün dayanıqlı mexanizmlər yaratmaqla qlobal davamlı inkişaf strategiyasına töhfə verməyə çalışır. Limanın strateji fəaliyyətləri 17 DİM-dən 11-ə töhfə vermək məqsədi daşıyır və bu fəaliyyətlər də limanın missiya bəyanatına və icra planlarına öncədən daxil edilib.
Sevinc