Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin 2023-cü ildə keçiriləcək Avropa çempionatındakı oyunlarının təqvimi bəlli olub. Almaniyanın ev sahibliyi edəcəyi C qrupunda yer alan komandamız mübarizəyə avqustun 18-də başlayacaq.
Newscenter.az Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir ki, ardıcıl 10-cu dəfə Avropa çempionatında iştirak edəcək Azərbaycan millisinin rəqibləri Almaniya, Çexiya, Türkiyə, İsveç və Yunanıstan olacaq.
Yığmamız AVRO-2023-də ilk oyununu Çexiya kollektivinə qarşı keçirəcək. Voleybolçularımız bir gün sonra ev sahibləri ilə üz-üzə gələcəklər. Qrup mərhələsinin 3-cü turunda millimiz Türkiyə ilə qarşılaşacaq. Yarışın növbəti günündə istirahət edəcək komandamız avqustun 22-də Yunanıstanla münasibətlərinə aydınlıq gətirəcək. Yığmamız avqustun 23-də baş tutacaq qrupdakı son matçında isə İsveçə rəqib olacaq. Qrupumuzda mübarizəyə bir gün sonra yekun vurulacaq.
Qeyd edək ki, qrupda ilk dörd yeri tutacaq kollektivlər növbəti mərhələyə yüksələcək.
Oruc