Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zahid Oruc: ”Ərdoğan və Əliyevin üç ölkənin paytaxtında Paşinyanla görüşləri yeganə yoldur”

Zahid Oruc: ”Ərdoğan və Əliyevin üç ölkənin paytaxtında Paşinyanla görüşləri yeganə yoldur”


Türkiyə prezidentinin sözçüsü İbrahım Kalın son müsahibəsində Ermənistanla sərhədlərin açılması üçün körpülərin təmirindən, gömrük-buraxılış məntəqəsinin hazırlanmasından və birgə nahardan danışaraq, sülh müqaviləsinin tək şərtinin üçtərəfli görüşlər olduğunu dedi.

Newscenter.az-ın xəbərinə görə, bu fikirləri səsləndirən Milli Məclisin deputatı Zahid Oruc deyib ki, dövlət rəhbərlərinə yaxın yüksək ranqlı bir məmurun Ankara və Bakının İrəvanla birbaşa təmaslara keçməsini söyləməsi vasitəçilərin planlarını pozmağın tək yoludur:

"Qələbədən sonra Moskva, Brüssel, Soçi və Praqada aparılan danışıqlar göstərdi ki, moderatorlara sülh yox, Qafqazlarda hökmranlıq gərəkdir. Ona görə də Ermənistanı İran, Rusiya, Fransa və Amerikanın əlindən almaq Şuşanı azad etmək qədər mühüm vəzifədir. Tarixin absurduna baxın, Hollandiya və Fransa parlamentlərinin qərarlarını heç Ermənistan özü qəbul etməyib. Günün birində Co Baydenlə İbrahim Rəisi görüşüb Qarabağda vasitəçilikdən danışsalar, təəccüblənməyin. Ukrayna torpaqlarının müdafiəsinə 93 milyard avro silah və maliyyə yardımı ayıran, Krımı qaytarmağı tələb edən NATO üzvlərinin Qarabağa müstəqillik çağırışı ərazi bütövlüyünə və hüquqa həqarətdir. Onlara baxanda Paşinyan dost ölkənin rəhbəri kimi görünür. Adam 4 ildir ki, keçmiş prezidentlərdən xalqımızın intiqamını alır və işğala görə utanır, üsyan edir ki, ikinci dövlət avantürası “ermənisiz Ermənistan” deməkdir".

Millət vəkili qeyd edib ki, İrəvan parlamentində Azərbaycanla bağlı ədalətli və heç vaxt görünməmiş bəyanatlar səslənir:

"Məsələn, “beynəlxalq ictimaiyyət bizə kömək etməyəcək, 2020-ci ilin səhvlərini təkrarlamamalıyıq, Qarabağ məsələsində plankanı aşağı salmalıyıq, əks halda onlara ümid bəsləməməyi xahiş edirlər, biz sənədi imzalayacağıq, çoxları bizi söyəcək, satqın adlandıracaq, lakin nəticədə davamlı sülh əldə edəcəyik" sözlərini xatırlatmaq kifayətdir.
Belə şəraitdə xaricdən siyasi hücumlara ən yaxşı cavab Əliyevin və Ərdoğanın İrəvanda üçlü sülh görüşüdür. Danışıqları kənar müdaxilə və qəsdlərdən qorumağın ayrı yolu yoxdur. Gedib Hindistandan raketlər alan dövləti inandırmalıyıq ki, sizi strateji silahlar yox, Azərbaycan və Türkiyənin qarantiyası xilas edə bilər".

Zahid Oruc onu da deyib ki, 6 oktyabrda Praqada Ərdoğan-Paşinyan görüşü 100 ilin düşmənçiliyinə, qorxu və nifrətinə son qoymaq üçün ilk sınaq oldu:

"Özü də üç dövlət rəhbərinin kənar vasitəçilərə ehtiyacının olmadığını tarix də sübut edir. 1921-ci ildə Atatürk, Nərimanov və Lukaşinin tapşırığı ilə yüksək təmsilçilər dəfərlərlə görüşüb Qars müqaviləsini hazırlamışdılar. Türkiyə olmasa da Heydər Əliyevlə Koçaryan 1999-cu ildə sərhəddə görüşmüşdülər. Ona görə regionda barış üçün təşəbbüsləri xarici mərkəzlər linç edir. Milli informasiya məkanımıza yüzlərlə xəbər və kontentlərlə gündəmi formalaşdıran onlarla casus şəbəkələri var. Bir sözlə, Praqadan, yaxud Soçidən yaxın və təhlükəsiz şəhərlər Bakı, İrəvan və Ankaradır. Ərdoğan və Əliyevin üç ölkənin paytaxtında Paşinyanla görüşləri yeganə yoldur. Xalqar əbədi müharibə və düşmənçilikdə yaşaya bilməz. Biz savaşla Şuşanı, sülhlə İrəvanı qazanacağıq".

Anar Əliyev
Xəbəri paylaş