Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident cənab İlham Əliyev 2003-cü ildə hakimiyyətə gələndə uzaqgörən bir siyasətçi kimi Ermənistanın heç vaxt bu işğalçı siyasətindən əl çəkərək işğal etdiyi Azərbaycan torpaqlarını geri qaytarmayacağını çox yaxşı bilirdi. Odur ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev ölkəmizdə ordu quruculuğunu xüsusi olaraq diqqət mərkəzində saxlayırdı. Məhz onun sayəsində Azərbaycan ordusu dünya orduları sırasında 50-ci yerdə qərarlaşmışdır.
2020-ci il senytabr ayının 27-də düşmənin növbəti dəfə törətdiyi təxribata qarşı əks-hücumla başlanan İkinci Vətən müharibəsi Ermənistanın bu işğalına son qoydu. Ölkəmiz öz ərazi bütövlüyünü və beynəlxalq ədaləti bərpa etdi. Qəhrəman Azərbaycan əsgəri bu 44 günlük İkinci Vətən müharibəsinin hər günü şanlı tarix yazdı. Hər gün Rəşadətli Azərbaycan Ordusu irəli gedərək yeni əraziləri işğaldan azad edirdi. Ordumuz bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın.
Azərbaycan dövləti ərazi bütövlüyünü bərpa etdikdən dərhal sonra azad edilmiş ərazilərin genişmiqyaslı bərpasına başladı. Hazırda Qarabağ və Şərqi Zəngəzur sıfırdan qurulur. İşğalçı Ermənistanın xarabalığa çevirdiyi, yer üzündən sildiyi şəhərlər, kəndlər, qəsəbələr yenidən tikilir. Azad edilmiş ərazilərdə ən müasir infrastruktur yaradılır, beynəlxalq hava limanları, elektrik stansiyaları inşa edilir. Yüz kilometrlərlə yollar, su, işıq, qaz və digər kommunikasiya xətləri çəkilir.
Dekabrın 10-da keçirilən möhtəşəm Zəfər paradı Azərbaycanın gücünü və tarixi Qələbəmizi bütün dünyaya bir daha nümayiş etdirdi. Zəfər paradı müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun 44 gün davam edən “Dəmir yumruq” hərbi əməliyyatında qazandığı tarixi Qələbənin təcəssümü oldu. Rəşadətli Ordumuz işğal altında olan ərazilərimizi birdəfəlik işğaldan azad etməklə düşmən üzərində misli görünməmiş Qələbə qazandı. 30 il həsrət qaldığımız Vətən torpaqlarında indi artıq üçrəngli Azərbaycan bayrağı dalğalanır ki, bu da hər birimizə böyük qürur və fəxarət hissi yaşadır.
Məhz dövətimizin, Prezident İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun gücü, qüdrəti, xalqımızın birliyi, həmrəyliyi sayəsində qazanılan qələbəmizin təqdimatı olan Zəfər paradı işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə bir sıra mesajları çatdırdı. Zəfər paradında 150-dək hərbi texnika, həmçinin müharibə zamanı qənimət kimi ələ keçirilmiş Ermənistan silahlı qüvvələrinə məxsus hərbi texnikanın bir qismi nümayiş edilmiş, 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı, türk əsgər və zabitləri iştirak etdilər.
Ölkəmizin Vətən müharibəsi zamanı göstərdiyi döyüş taktikası, istifadə olunan texnikalar bütün dünyada maraqla izlənilirdi. Bu gün fəxrlə deyə bilərik ki, Azərbaycanın Rəşadətli Ordusu hərbi əməliyyatlar zamanı ən yüksək səviyyədə innovativ yenilikləri tətbiq edən çevik ordudur. 44 günlük Vətən müharibəsində apardığımız azadlıq mübarizəsi zamanı silah-sursatını qoyub qaçan, fərarilik edən işğalçı Ermənistan ordusuna məxsus xeyli texnika və silah-sursat hərbi qənimət olaraq götürülüb. Döyüşlərdə Ermənistan silahlı qüvvələrinə məxsus hərbi texnikanın xeyli hissəsi məhv edilib, saz vəziyyətdə ələ keçirilənləri isə qənimət olaraq Azərbaycan Silahlı Qüvvələrinin sərəncamına verilib. Bakının Azadlıq meydanından keçən hərbi texnikaların sırasında vaxtilə Ermənistana məxsus olan texnikaların da yer alması sevindirici məqam idi. Bu, hər birimizdə milli qürur və iftixar doğururdu.
Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Zəfər paradında öz çıxışında - “Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Bizim azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq. Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik.
Azərbaycan bu Qələbəsi ilə dünyaya sübut etdi ki, onun uğrunda ölməyi bacaran, azadlığı uğrunda qanını tökməyə hazır olan övladları var. Vətən müharibəsində qazanılan Böyük Qələbə Azərbaycan Prezidentinin Qarabağ uğrunda zəfərlərinin salnaməsidir, parlaq səhifəsidir.
ARZU ƏLİYEVA
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı