Mətbuat Şurası İdarə Heyətinin üzvləri İranın Azərbaycandakı səfirliyinə müraciət edib.
Newscenter.az xəbər verir ki, müraciətdə deyilir:
"Bir neçə gün əvvəl Azərbaycan mediasında noyabrın 24-də 14 nəfər İran vətəndaşının qeyri-qanuni yolla Azərbaycan ərazisinə keçməsi və ermənilərin yaşadığı bölgəyə daxil olması barədə məlumat yayıldı. Bunun ardınca Azərbaycan mediası həmin şəxslərin İran vətəndaşı olmasını təsdiqləyən faktlar, sənədlər də təqdim etdi. Eyni zamanda, sözügedən şəxslərin Qarabağdakı terrorçu ermənilərə təlim keçmək üçün gəldikləri barədə mülahizələrə də mediada geniş yer verildi. Nəhayət, bütün bunlarla bağlı İranın Azərbaycandakı Səfirliyi tərəfindən lazımi açıqlama verilməsi tələbi ilə ortaya haqlı suallar qoyuldu. Səfirliyinin davamlı susqunluğu fonunda mediada noyabrın 30-da Azərbaycanın ermənilərin yaşadığı ərazisinə daha 13 İran vətəndaşının keçdiyinə dair faktlara əsaslanan məlumat yayıldı.
Bu hadisə və İrandan Ermənistana silah satışı, sonradan həmin silahların Laçın dəhlizi vasitəsilə Azərbaycan ərazisinə keçirilərək oradakı qeyri-qanuni erməni dəstələrinə çatdırılması məsələsi bu gün də Azərbaycan mediasının əsas mövzularından biri, cəmiyyətimizi dərindən narahat edən məsələlərdir. Yaranmış durumda, istər-istəməz, belə bir qənaət formalaşır ki, İran təcavüzkar Ermənistanın Azərbaycana qarşı hərbi cəhətdən gücləndirməyə və ölkəmizin işğaldan azad olunmuş ərazilərində vəziyyəti gərginləşdirməyə çalışır.
Azərbaycan mediasının çoxsaylı müraciətlərinə baxmayaraq, İranın Azərbaycandakı Səfirliyinin indiyədək bu barədə hər hansı münasibət açıqlamadan susqunluq nümayiş etdirməsi dərin təəssüf və narahatlıq doğurur.
Ümid edirik ki, Azərbaycan mediası adından ünvanladığımız bu müraciət cavabsız qalmayacaq, İranın Azərbaycandakı Səfirliyi olaraq, qeyd edilən ciddi məsələlərə dair müvafiq rəsmi mövqe bildirəksiniz.
Əks təqdirdə, Azərbaycan mediası məlum hadisələrdə İranın neqativ rolunun olmasını həqiqət kimi qəbul etmək məcburiyyətində qalacaq və fəaliyyətini bütünlüklə bu reallığa əsaslanaraq quracaq".
Mehman