Almaniyanın "ZDF" ictimai telekanalının Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərimizdəki separatçı-terrorçu rejimin "dövlət naziri" Ruben Vardanyandan müsahibə götürməsi hamıya bəlli olan bir neçə nüansı bir daha diqqət mərkəzinə gətirir. İlk növbədə, ən sadə sualdan başlasaq, alman jurnalistlər Xankəndiyə necə gəliblər? Sülhməramlıların dünən Azərbaycan media mənsublarına münasibətdə "qətiyyətli" davranışı göstərir ki, almanların postlardan yayınması mümkün deyil, hətta xüsusi fərqlənən mülki avtomobillərdə belə onların Laçın dəhlinizindən keçməsi ağlabatan görünmür.
Newscenter.az xəbər verir ki, bu fikirlərə Milli Məclisin deputatı Bəhruz səsləndirib. Millət vəkili bildirib ki, sülhməramlıların son davranışları, separatçılarla isti münasibətləri, xüsusən Moskvanın "adamı" nın terrorçu rejimə rəhbərlik etməyə başlaması fonunda güman etməyə əsaslar var ki, sülhməramlılar ZDF-in jurnalistlərini hətta elə öz hərbi avtomobillərində qanunsuz olaraq Azərbaycan ərazisinə gətirmələri mümkündür. Prinsipcə bu ehtimalla sülhməramlıların qanunsuz səfərə şərait yaratması arasında ciddi fərq yoxdur:
"Digər tərəfdən, alman jurnalistlərin məhz Moskvanın "adamı" olan Ruben Vardanyandan müsahibə götürməsi, daha doğrusu onu avropa ictimai-siyasi məkanına təqdim etməsi aydındır ki, Moskvanın niyyəti ilə üst-üstə düşür. Düzdür, Rusiyanın RBK telekanalı da Vardanyandan müsahibə almış, amma sonra müsahibəni yayımlamaqdan imtina etmişdi, Vardanyan da bunu Azərbaycanla münasibətlərə xələl gətirməmək üçün Kremlin RBK-ya tapşırığı ilə izah etmişdi. Almanların məsələsində də görünən odur ki, Rusiyada bəzi dairələr "dovşana qaç, tazıya tut" formulundan istifadə etmək istəyirmiş, amma proseslərin gedişi də göstərdi ki, artıq Bakı bu dildə danışılacaq tərəf deyil".
Deputat hesab edir ki, almanlara gəlincə, əslində biz baxış bucağımızı dəyişsək həqiqəti daha tez görə bilərik:
"İlk növbədə, biz Avropanı aydan arı, sudan duru təqdimatını bir daha nəzərdən keçməliyik. Alman dürüstlüyü, Avropa hüquq düşüncəsi ola bilsin ki, bu ölkədə və bütövlükdə Avropada xırda, kütləvi korrupsiya meyllərinin qarşısını alıb, amma milyon avrolar qarşısında Avropalılar da, "dürüst almanlar" da acizdir və bunun çoxsaylı nümunələrlə sübut etmək mümkündür. Təbii ki, ZDF-i Xankəndinə qaçaq yolla gəlməyə məcbur edən amillərdən biri məhz Vardanyanın milyonlarının qoxusudur. Bəli, bu Almaniya dövlətinin Azərbaycanın ərazi bütövlüyünə dair ifadə etdiyi rəsmi mövqe ilə uzlaşmır, amma güclənən Türkiyə -Azərbaycan tandemində Berlinin bəzən rəsmi mövqeyini ikinci plana salması gözləniləndir. Ümumilikdə yanaşdıqda isə bütövlükdə proses özlüyündə beynəlxalq hüququn köklü pozuntusudur, Almaniyanın ictimai kanalı separatizmə açıq dəstək verməklə Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik ifadə edir, terrora dəstək verir. Eyni zamanda həmin jurnalistlər Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə əməlini törətməklə Cinayət Məcəlləsinin 318-ci, Rusiya sülhməramlı komandanlığı isə Qanunsuz miqrasiyanın təşkilinə görə Məcəllənin 318-1 -ci maddəsi ilə nəzərdə tutulmuş pozuntulara görə cinayət məsuliyyəti daşıyırlar və hesab edirəm ki, aidiyyətı istiqamətdə ən qısa müddətdə cinayət təqibi başlanmalı, müvafiq tədbirlər görülməlidir".
Anar