Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Beynəlxalq Qarabağ Forumu Türkiyədə elmi-praktiki konfrans keçirəcək

Beynəlxalq Qarabağ Forumu Türkiyədə elmi-praktiki konfrans keçirəcək


Beynəlxalq Qarabağ Forumunun dekabr toplantısında təşkilatın ay ərzində gördüyü işlər müzakirə edilib. Newscenter.az xəbər verir ki, iclasın moderatoru Ziya Zakir Acar ilk sözü forumun koordinatoru Akif Nağıya verib. A.Nağı görülən işlər barədə danışmaqla yanaşı beynəlxalq siyasi vəziyyət və qonşu İran dövlətində baş verən proseslər, bu ölkənin əhalisinin yarısını təşkil edən azərbaycanlıların milli-mənəvi hüquqlarının tanınması haqda mülahizələrini bölüşüb. Ötən toplantıda Forumun müstəqil təşkilata çevrilməsi barədə verilən qərarın həyata keçirilməsi barədə Şamil Mehdi məlumat verib. O bildirib ki, bu istiqamətdə fəal təşkilati iş aparılır və yaxın günlərdə forumun qeyri-hökumət təşkilatı statusunda qeydiyyata alınması üçün müvafiq orqanlara rəsmi müraciət olunacaq.

Türkiyədən Ziya Zakir Acar keçirdikləri mədəni tədbirlər barədə məlumat verməjlə yanaşı İrandakı türklərin vəziyyəti, onların hüquqları uğrunda mübarizəsi və bu işə göstərilən dəstəyin istiqamətləri haqda danışıb. Sözer Akyıldırım isə Fransadan Azərbaycana yönəlik qərəzli ittihamların xarakterindən danışıb və bu cür fəaliyyətin həm də Türk dünyasının əleyhinə olduğunu vurğulayıb. Azərbaycandan Novruz Novruzbəyli də İran hadisələri barədə danışıb və belə bir mülahizə irəli sürüb ki, qonşu dövlətdə insan hüquqlarının genişləndirilməsi zamanı yetişib, bu sahədə ciddi islahatların aparılması zəruridir. O deyib ki, İranda xalqla hökumət arasında ixtilafların inkişafı labüddür və bu hadisələrin hərəkətverici qüvvəsi ölkənin daxili ictimai-siyasi vəziyyətindən yaranır.

Rusiyadan Elşən İbrahimov Azərbaycanın görkəmli ictimai xadimi, yazıçı və publisist Ömər Faiq Nemanzadənin Moskvada keçirilmiş 150 illik yubiley tədbiri barədə geniş məlumat verib. Ukraynadan Forumun üzvü Qulu İbrahimov isə bu ölkədə cinayət törətməkdə təqsirləndirilərək məhkəmənin hökmü ilə 8 il həbs cəzasına məhkum edilən Qarabağ qazisi Misir Qasımov və Sübhan Quliyevdən, prosesdə baş verən hadisələrdə erməni izindən danışıb. Q.İbrahimov qeyd edib ki, soydaşlarımızın işinə yenidən, ədalətli baxılması üçün əməli addımlar atılır və məhkəmə qərarından apellyasiya şikayəti veriləcək.

Toplantıda Forumun hər il təşkil etdiyi elmi-praktiki konfransların əhəmiyyəti geniş müzakirə olunub. Ziya Zakir Acarın təklifi ilə gələn il növbəti konfransın Türkiyədə keçirilməsi imkanları gündəmə gətirilib, qərara alınıb ki, bu istiqamətdə müvafiq araqşdırmalar aparılsın.

Anar
Xəbəri paylaş