Cənub qonşumuz İranın ölkəmizə qarşı təxribatları səngimir. Ən son 14 İran vətəndaşının Qarabağ İqtisadi rayonuna qanunsuz səfərinin məqsədi tam olaraq aydınlaşmamış, daha 13 İranlının sülhməramlıların nəzarətində olan Azərbaycan torpaqlarına qanunsuz səfəri məlum oldu.
Bu fikirləri Newscenter.az-a səsləndirən AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə deyib ki, bu kimi hallar birbaşa olaraq Tehran hakimiyyətinin Azərbaycana qarşı düşmən mövqe sərgiləməsinin nümayişidir və həmin şəxslərin Qarabağda olan separatçıları hər hansı bir təxribatlara hazırladıqları istisna deyil:
"Dünən SEPAH komandanın müavini, İran ordusunun iki nömrəsi, general Əli Fədavinin "Biz Azərbaycan Respublikasına şiə ölkəsi kimi baxırıq. Bir qayda olaraq orada Azərbaycanın şiə əksəriyyətinə xüsusi diqqət yetirən bir hökumət olmalıdır" fikrini səsləndirməsi, generalın molla rejiminin diliylə danışdığının sübutudur və rejimin Azərbaycanda məhz məzhəblər arasında qarşıdurma yaratmaq niyyəti olduğunun göstəricisidir. Ancaq general Əli Fədavi və onun ipini tutan rəhbərləri yaxşı bilməlidir ki, Azərbaycan bütün dinlərin və dini icmaların birgə sülh, qarşılıqlı hörmət prinsipləri əsasında fəaliyyət göstərdiyi nadir ölkələrdən biridir və dövlətimiz bütün dinlərin fəaliyyətlərini dahada rahat icra etməkləri üçün mütəmadi olaraq yeni məscidlər, kilsələr, sinaqoqlar tikir, olanları əsaslı şəkildə təmir etdirir".
AVP rəsmisi bildirib ki, Azərbaycan həmçinin İranın qardaş xalqı olan ermənilərin Qarabağda viran qoyduğu, içində donuz saxlamaqla dinimizi təhqir etdiyi məscidləri yenidən tikir və təmir edir:
"Əvəzində isə Tehran rejimi Ermənistanı silahlandırmaqla müsəlman ölkəsi olan Azərbaycana qarşı yeni müharibəyə və təxribatlara hazırlayır. Özünü İslam himayəçisi adlandıran molla rejiminin əməlləri heçdə İslam dininin tələbləri ilə üst-üstə düşmür. Öz xalqına zülüm edən, bütün insan haqlarını heçə sayan Tehran hakimiyyəti qonşu dövlətlərin daxili işlərinə qarşımağı özlərinə bir yol kimi seçib. Lakin bu tip siyasət rejimin gələcək varlığını sual altına salmış olur".
Mehman