Ukrayna tərəfindən daxil olmuş müraciətlərə cavab olaraq, mövcud vəziyyətlə əlaqədar zərər çəkmiş ərazilərin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpası məqsədilə Azərbaycan tərəfindən Ukrayna xalqına əsas elektrik avadanlıqlarından ibarət humanitar yardım göndərilib.
Bu barədə Newscenter-a z-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
“Azerenerji” ASC-nin təmin etdiyi 45 güc transformatoru və 50 generatorun ilk hissəsini daşıyan yük avtomobil karvanı bugün Ukraynanın ölkəmizdəki səfirinin və “Azerenerji” ASC-nin nümayəndələrinin iştirakı ilə Qobu Enerji Qovşağının ərazisindən yola salınıb.
Sözügedən yükün çəkisi 52.2 ton təşkil edir və 4 TIR vasitəsilə daşınır. Ümumi məbləği təxminən 1 milyon 422 min manat olan humanitar yükün tam çatdırılması məqsədilə ikinci yük avtomobil karvanının yaxın günlərdə yola çıxması nəzərdə tutulub.
Ukraynadakı böhranla bağlı Azərbaycanın göstərdiyi humanitar yardımın ümumi məbləği artıq 30 milyon manata yaxındır. Bununla yanaşı, son 6 ay ərzində müxtəlif qurumlar tərəfindən Ukrayna xalqına humanitar yardım xarakterli xidmətlər göstərilib.
Belə ki, müharibədən zərər çəkmiş, ailə üzvlərini itirmiş ümumilikdə 90-a yaxın ukraynalı uşaq tibbi və sosial-psixoloji reabilitasiya məqsədilə ölkəmizə gətirilib. İrpen şəhərində hərbi əməliyyatlar nəticəsində dağılmış Zərifə Əliyeva adına 12 saylı məktəb tam bərpa edilib, humanitar yardım xarakterli müxtəlif tədbirlər həyata keçirilib.
Mehman