Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan və Türkiyə QHT-lərinin Forumu keçirilib

Azərbaycan və Türkiyə QHT-lərinin Forumu keçirilib


Türkiyənin İstanbul şəhərində Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Azərbaycan-Amerika Gənclər Birliyi tərəfindən “Cənubi Qafqazda sülh və əməkdaşlıq naminə Türkiyə-Qafqaz vətəndaş cəmiyyətlərinin dialoqu” beynəlxalq Forumu keçirilmişdir.

Bu barədə Newscenter.az-a məlumat verən tədbirin təşkilatçısı Vüqar Əhmədov bildirib ki, forumda Azərbaycan Respublikasının İstanbul şəhərindəki baş konsulluğunun əməkdaşı Sevinc Süleymanova, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Ədalət Turan, başkan vəkili Pərviz Məmmədzadə, İstanbul Azərbaycan Dostluq Dərnəyinin sədri Hülya Ağamirzə, Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri Nüşabə Məmmədova, Kadın Akademisyenler Derneği ve Umay Ana TDKB Başkanı Prof. Dr. Mualla Uydu Yücel, Marmara Universiteti, Prof. Dr.Saynur Derman və digər Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri iştirak etmişlər.

Forum iştirakçıları ilk öncə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edərək Ulu Öndərə həsr olunmuş filmi seyr etmişlər.

Forumu giriş sözü ilə açan Azərbaycan-Amerika Gənclər Birliyinin sədri Vüqar Əhmədov 44 günlük vətən müharibəsi nəticəsində Azərbaycan və Türkiyənin Cənubi Qafqazda artan rolundan və iki dövlətin regionda sülh və sabitliyə verdiyi töhvəsindən bəhs etmişdir. Qeyd etmişdir ki, forumun əsas məqsədi Türkiyə və Azərbaycan QHT-ləri arasında əməkdaşlığın gücləndirilməsi, ortaq strategiyanın hazırlanması və beynəlxalq aləmdə hər iki ölkənin vətəndaş cəmiyyətlərinin sıx iş birliyində hərəkət etməsinə dəstək verməkdir. Onun sözlərinə görə Azərbaycan və Türkiyə indi heç zaman olmadığı kimi bir-birinə yaxındır və bu ittifaq regionun inkişafı üçün yeni perspektivlər vəd edir.

Forum iştirakçılarını salamlayan Azərbaycan Respublikasının İstanbul şəhərindəki baş konsulluğunun əməkdaşı Sevinc Süleymanova belə bir Forumunun keçirilməsinin önəmini vurğulayaraq bütün sahələrdə olduğu kimi QHT-lərin təşəbbüsü ilə Türkiyədə belə bir mövzularda layihələrin keçirilməsinin təqdirəlayiq olduğunu bildirmişdir.

Forumun fəxri qonağı qismində çıxış edən Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Ədalət Turan Türkiyə və Azərbaycanın qardaşlığından və Türk dövlətlərinin yaxınlaşmasından danışaraq bunun əsasının məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulamışdır. Çıxışında Ədalət Turan bildirmişdir ki, bu günkü reallıqdan çıxış edərək Türkiyə və Azərbaycan vətəndaş cəmiyyəti təşkilatları daha yaxın əməkdaşlıq etməlidirlər.

Daha sonra çıxış edən natiqlər Forumun əhəmiyyətindən söz açaraq bildirdilər ki, bu gün bütün sahələrdə olduğu kimi iki ölkənin vətəndaş cəmiyyətlərinin daha yaxın əməkdaşlıq etməsi və beynəlxalq miqyasda fəaliyyətlərini daha da genişləndirməsi qarşıda duran əsas hədəflərdən biridir. Azərbaycan və Türkiyənin Cənubi Qafqazda sülhə və əməkdaşlığa töhvə verən birgə fəaliyyəti, digər regional dövlətlərlə yeni əməkdaşlıq modelinin qurulması şübhəsiz ki, hər iki ölkənin bölgədə söz sahibi olmasından xəbər verir. Vətəndaş cəmiyyəti təşkilatları da öz növbəsində bu prosesdə daha fəal rol almalı və Azərbaycan maraqlarının beynəlxalq platformalarda qorunmasında ortaq layihələrlə çıxış etməlidirlər.

Forumun sonunda Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Ədalət Turan, başkan vəkili Pərviz Məmmədzadə, İstanbul Azərbaycan Dostluq Dərnəyinin sədri Hülya Ağamirzə, Kadın Akademisyenler Derneği ve Umay Ana TDKB Başkanı Prof. Dr. Mualla Uydu Yücel və Marmara Universiteti, Prof. Dr.Saynur Derman Azərbaycan-Amerika Gəncləri İctimai Birliyi tərəfindən təsis olan “Azərbaycan həqiqətlərinin Türkiyə Cümhuriyyəti və beynəlxalq aləmdə təbliğinə görə” plaketi ilə təltif olunmuşlar.

Qeyd edək ki, Forumun işini KİV-lər geniş işıqlandırmışlar.

Anar
Xəbəri paylaş