Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Heydər Əliyev ən böyük Azərbaycanlı, Vətənpərvər idi-VAQİF ABDULLAYEV

Heydər Əliyev ən böyük Azərbaycanlı, Vətənpərvər idi-VAQİF ABDULLAYEV


Siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxal münasibətlər və politologiya Akademiyasının akademiki Vaqif Abdullayevin 4 il əvvəl ümummilli lider Heydər Əliyevlə bağlı qələmə aldığı məqalənin əhəmiyyəti, məqalədə əksini tapan və günümüz üçün aktuallığını nəzərə alaraq onu yenidən oxuvularımıza təqdim edirik.

Azərbaycanın zəngin dövlətçilik və möhtəşəm inkişaf tarixinin ən parlaq və şərəfli dövrü Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev bütün varlığını doğma xalqına xidmətə həsr edən müdrik siyasətçi və dövlət rəhbəridir. O rəhbərlik etdiyi bütün fəaliyyəti dövründə Azərbaycanı zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır.
Azərbaycan tarixinə şanlı bir səhifə açan, möhtəşəm və yaddaqalan ömür yolu ilə milyonların ürəyində əbədilik simvoluna çevrilən Ulu öndər Heydər Əliyev ölkəmizin müasir simasını müəyyənlәşdirib, xalqımızın taleyində silinmәz izlər qoymuşdur. Böyük strateq Heydər Əliyevin respublikaya rəhbərliyinin bütün fəlsəfəsi yalnız xalqın milli dirçəlişi, milli qürur hisslərinin oyanışına hesablanmışdı.
\
Heydər Əliyev həmişə müstəqillik amalı ilə yaşamışdır. O bildiridi ki, Azərbaycan xalqı kommunist rejimində, ümumittifaq sosialist dövlətinin tərkibində olduğundan heç şübhəsiz ki, müstəqilliyini itirmiş, amma dövlətçiliyini itirməmişdi. Ümummilli liderimiz nadir siyasi istedadı sayəsində milli dirçəlişin mükəmməl fəlsəfi konsepsiyasına əsaslanaraq müasir Azərbaycanın etibarlı bünövrəsini yaratmışdır.

1993-cü ildə parçalanmaq təhlükəsi ilə üz-üzə qalan Azərbaycanı xilas edən Ulu öndərin ikinci dəfə ölkəmizə rəhbərlik etməsi tariximizdə yeni şərəf və qürur səhifəsi kimi həkk olunmuşdur. Müstəqil Azərbaycan Respublikasının milli inkişaf modelinin memarı Ümummilli Lider Heydər Əliyev tərəfindən ölkəmizdə ictimai-siyasi və makroiqtisadi sabitlik təmin edilmiş, iqtisadi islahatların həyata keçirilməsi üçün hüquqi baza yaradılmış, neft müqavilələrinin imzalanması nəticəsində xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb edilməsi təmin olunmuş, Azərbaycanın beynəlxalq əhəmiyyətli strateji-iqtisadi layihələrə qoşularaq dünyanın qabaqcıl dövlətləri ilə iqtisadi əməkdaşlığı dərinləşdirilmişdir. 1995-2003-ci illərdə iqtisadiyyatın əsas güc mənbəyi olan enerji resurslarının dünya bazarlarına çıxarılması və yüksək neft gəlirlərinin əldə olunması iqtisadi inkişafı təmin etmişdir. Enerji resurslarından məqsədyönlü və səmərəli istifadə iqtisadi artımın əldə olunmasına, sosial infrastrukturun yaxşılaşdırılmasına, yoxsulluğun azaldılmasına, iqtisadi təhlükəsizliyin təmin olunmasına və dövlət quruculuğunun gücləndirilməsinə mühüm töhfə vermişdir.

Ölkənin inkişafı onun təkcə iqtisadi və sosial gücü ilə ölçülmür. Dövlətin gücü həm də, demokratiyanın və azad cəmiyyətin inkişafı, insan və vətəndaş hüquq və azadlıqlarına etibarlı təminat, həyatın bütün sahələrində haqqın, ədalətin bərqərar olmasındadır. Heydər Əliyev demokratik cəmiyyətin inkişafında mühüm olan bu ali meyarları nəzərə alaraq açıq cəmiyyət, vətəndaş cəmiyyəti quruculuğu prosesındə islahatların uğurla həyata keçirilməsini təmin etdi.
Heydər Əliyevin xarakterində əyilməzlik, vüqarlılıq, möhtəşəmlik Onu həm də Vətənin, dövlətin böyük Sərkərdəsi kimi Ucadan Uca olduğunu göstərir.

Heydər Əliyev ən böyük Azərbaycanlı, Vətənpərvər idi. Ulu öndərin "Mən fəxr edirəm ki, azərbaycanlıyam" tezisi azərbaycançılıq fəlsəfəsinin simvoludur. Bu fikir Onun Ən Böyük Azərbaycanlı olmasının, Vətəni sonsuza qədər sevməyindən irəli gəlir. Bu sözlər dünya azərbaycanlılarının şüarı olmaqla, soydaşlarımızın həmrәyliyinin təməl daşına çevrilib.

Müasir Azərbaycan dövlətinin banisi olan Ulu öndər Heydər Əliyev respublikamızın dəyişməz və dönməz inkişaf strategiyasının müəllifi kimi əbədiyaşarlıq qazanıb. Bu gün Azərbaycanın dinamik sosial-iqtisadi inkişafı, ölkəmizin dünya birliyində öz yerini daha da möhkəmləndirməsi məhz Heydər Əliyevin zəngin siyasi-ictimai irsinin davam etdirilməsinin, ideyalarının yaşamasının nəticəsidir.



Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxal münasibətlər və politologiya Akademiyasının akademiki

11 Dekabr 2018
Xəbəri paylaş