Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sülhməramlıların son davranışları onların qarşısına qoyulmuş vəzifələrə cavab vermir

Sülhməramlıların son davranışları onların qarşısına qoyulmuş vəzifələrə cavab vermir


Rusiya sülhməramlılarının son davranışları onların qarşısına qoyulmuş vəzifələrə və postmünaqişə reallığının tələblərinə cavab vermir. Onların hələ də müvəqqəti nəzarətlərində olan Azərbaycan ərazilərindəki erməni silahlı bölmələrini tərkisilah etməməsi, yaxud ərazimizdən çıxarmaması, separatçıların müxtəlif təxribatçı tədbirlərinə şərait yaratmaları sülhməramlıların məramı ilə bağlı çox ciddi suallar yaradır.

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov səsləndirib. Millət vəkilinin sözlərinə görə, açıq desək, Qarabağ iqtisadi rayonundakı rus hərbçilərin separatçılarla eyni mövqedən çıxış etməsi onlara olan etimad mühitini heçə endirib:

"İndi də vətəndaş cəmiyyəti nümayəndələrini Xankəndi-Xocalı istiqamətlərində ərazilərimizə buraxmamaqla sülhməramlılar Azərbaycan vətəndaşlarının konstitusiyanın 28-ci maddəsi ilə təsbit olunmuş hüquqlarına təcavüz etmiş olurlar".

Bəhruz Məhərrəmovun sözlərinə görə, öz ölkəsində sərbəst hərəkət etmək hüququ olan vətəndaşlarımızın, o cümlədən jurnalistlərimizin qarşısına zirehli maşınlarla çıxan sülhməramlılar bir daha göstərdilər ki, artıq onların missiyası həm praktik olaraq, həm də mənəvi cəhətdən yararsızlaşıb:

"Bu vəziyyətdən sonra onların bölgədəki mövcudluğu bütövlükdə ümumi işin faydasına olacağı inandırıcı görünmür. Amma bir şey dəqiqdir ki, bundan sonrakı üç il ərzində sülhməramlılar bölgədə istər sülh yaratma missiyasında, istərsə də birgəyaşayış mühiti üçün hətta faydalı olmaq istəsələr belə uğursuzluğa məhkumdurlar. Yəni mövcud mühitdə sülhməramlılar bölgədə faktiki olaraq faydasız rudimentə çevrilib. Əlbəttə, biz Azərbaycan-Rusiya münasibətlərinin xarakterinə uyğun olaraq sülhməramlıların faydalı fəaliyyətini arzu edirdik, amma təəssüf ki, sülhməramlılar və bütövlükdə Rusiya Müdafiə Nazirliyi regionda qızıl ortanı tapa bilmədi, yaxud tapmaq istəmədi. Ələxsus da onlar bizə Vardanyanın gözü ilə baxmağa başladıqdan sonra vəziyyət xoşagəlməz məcraya yönəlməyə başladı. Nəticədə bizim Rusiya ilə münasibətlərimizi daha da yaxşılaşdırmağa, Ermənistanla isə sülh prosesini tezləşdirməyə töhfə verəcəyini ümid etdiyimiz sülhməramlı missiya, nəinki ümidləri doğrultmadı, əksinə vəziyyəti daha da mürəkkəbləşdirməyə başladı. Beləliklə də, indi belə bir zərurət meydana çıxmaqdadır ki, Bakı-Moskva münasibətlərinə xələl gətirmədən, sülhməramlıların qalan 3 ilə yaxın bir dövrdə Qarabağ iqtisadi regionunda fəaliyyətlərini davam etdirməsinə ehtiyac olub-olmaması məsələsinə bir daha baxaq".

Deputat bildirib ki, əgər 10 noyabr bəyanatının şərtinə uyğun olaraq Ermənistanın ordu qalıqlarını ərazimizdən çıxarmayacaqsa, separatçıları leqallaşdırmağa yönəli fəaliyyətləri davam edəcəksə, təxribarlara alət olmaqda, separatizmə rəvac verməkdə israrlı olacaqsa sülhməramlıların həm Rusiyanın, həm də Azərbaycanın mənafeləri baxımdan bölgədə mövcudluğunun xeyridən çox zərəri ola bilər:

"Bütün bunların fonunda isə bir məqamı unutmamalıyıq ki, sülhməramlı amili yüksək səviyyəli Rusiya-Azərbaycan münasibətlərində həlledici meyar deyil və missiyanın fəaliyyətini davam etdirib-etdirməmək məsələsi Bakı-Moskva əlaqələrinin zədələməməlidir. O ki qaldı separatçılara, onlar anlamalıdır ki, sülhməramlılara güvənməyə dəyməz, erməni vətəndaşlarımız Xankəndi, Xocavənd, Xocalı və Ağdərədə artıq Azərbaycanın hakimiyyət nümayəndələri, vətəndaş cəmiyyəti təmsilçilərini, Azərbaycan media mənsublarını görməyə alışsınlar. Əks halda onları bu vəziyyətə ərazidəki komando hissələrimiz alışdırmalı olacaq".

Anar Əliyev
Xəbəri paylaş