Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xalqımız dahi şəxsiyyət Heydər Əliyevi qürur hissi ilə xatırlayır

Xalqımız dahi şəxsiyyət Heydər Əliyevi qürur hissi ilə xatırlayır


Xalqımız müasir Azərbaycanın qurucusu, xalqının və ölkəsinin müstəqilliyi naminə böyük və əvəzedilməz işlər görmüş, bununla bağlı tarixi proseslərə təsir göstərmiş dahi şəxsiyyət Heydər Əliyevi qürur hissi ilə xatırlayır.

Newscenter.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı İqbal Məmmədov deyib.

Deputat bildirib ki, 1969-cu ildə Heydər Əliyevin Azərbaycana rəhbər təyin edilməsi xalqımızın taleyində və tarixində əhəmiyyətli dönüşün başlanğıcı, eyni zamanda, ölkəmizin sürətli və uzunmüddətli inkişafının əsası qoyuldu.

“Heydər Əliyevin hakimiyyəti dövründə milli kadrların hazırlanması və dil məsələsi xüsusi diqqətdə saxlanılırdı. Azərbaycan tarixinin bütün təhsil ocaqlarının tədris proqramına daxil edilməsi, diskussiyaların ana dildə aparılması Ulu Öndərin məfkurənin inkişafına xidmət siyasətinin nəticəsi idi.

Ulu Öndərin hakimiyyətinin birinci dövründə yaradılmış iqtisadi potensial sonrakı mərhələlərdə, yəni, müstəqillik illərində Azərbaycan üçün çox əhəmiyyətli rol oynadı. Ümummilli Liderin həyata keçirdiyi daxili siyasət nəticəsində milli özünüdərk, özünəqayıdış, vətənpərvərliyin gücləndirilməsi baxımından ölkədə əhəmiyyətli addımlar atıldı. Azərbaycançılıq şüurunun inkişafı istiqamətində tariximizin öyrənilməsi, yerli kadrların yetişdirilməsi, o cümlədən milli ruhun yüksəldilməsi istiqamətində keçirilmiş bir çox tədbirlər sonrakı dövrdə millətimiz, dövlətimiz üçün çox ciddi rol oynadı”, - deyə İ.Məmmədov vurğulayıb.

O bildirib ki, Ulu Öndər hakimiyyətə gəldiyi ilk gündən sovet rejiminin ideoloji-siyasi maneələrinə sinə gərərək xalqımızın özünüdərki üçün zəruri addımlar atmağa, cəmiyyəti bütün istiqamətlərdə yüksəlişə hazırlamağa başladı. Xalqı öz soykökünə qaytarmaq, onu öz zəngin ədəbi irsini, mədəniyyətini, incəsənətini, adət-ənənələrini yaşatmaq, ana dilini inkişaf etdirmək üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinin vacibliyini çox yaxşı bilir və bu istiqamətdə atdığı hər addımda təhlükələr yarana biləcəyini gözəl anlayırdı. Çıxışlarında qazandığı nailiyyətlərə görə, məktəbə, müəllimə borclu olduğunu deyən Ümummilli Lider cəmiyyətdə milli məfkurənin gücləndirilməsi, dövlətçilik şüurunun yenidən formalaşması üçün hər bir azərbaycanlının yüksək təhsil almasını, elmi yenilikləri mənimsəməsini vacib amil hesab edirdi.

A.Məmmədov vurğulayıb ki, Ümummilli Liderin ilk illərdən gələcəyə hesablanan siyasətinin əsasını təşkil edən proqramında Azərbaycan dili ayrıca diqqət mərkəzində idi. Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə Azərbaycan dilinə həqiqi dövlət dili statusu qazandırmağa yönəlik fəaliyyətinin bəhrəsidir ki, 1978-ci ildə Konstitusiyada Azərbaycan dilinin dövlət dili statusu təsbit olundu. Ovaxtkı dövr üçün əsl qəhrəmanlığa bərabər olan bu addım məhz Azərbaycanın gələcəyi naminə atılmışdı. Azərbaycan dilinin idarəçilikdə xüsusi tətbiqi, klassiklərin əsərlərinin ana dilinə tərcüməsi, onların ittifaq miqyasında yubileylərinin keçirilməsi, mədəniyyətimizin ön mövqeyə çıxması Heydər Əliyevin gələcək dövlətçiliyimizin ideya təməlində dayanan siyasətinin əməli nəticələri idi.

“Azərbaycanın Heydər Əliyevin adı ilə bağlı olan inkişafının yüksək dinamika ilə davam etməsi o dövrdən başlayan yüksəliş strategiyasının böyük zaman kəsiyini əhatə edən dövlətçilik konsepsiyasını yerinə yetirdiyini qətiyyətlə sübut edir. Ümummilli Lider həmişə Azərbaycan xalqının mənafeyini düşünürdü və xalqımız bunu unutmur”, - deyə İqbal Məmmədov bildirib.
Xəbəri paylaş