Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hazırkı məqamda zirvə toplantısının keçirilməsi Türk dünyasına böyük töhfədir

Hazırkı məqamda zirvə toplantısının keçirilməsi Türk dünyasına böyük töhfədir


Dünən Türkmənbaşı şəhərində üç liderin - İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və Sərdar Berdiməhəmmədovun geniş tərkibdə görüşünü və Azərbaycan-Türkiyə-Türkmənistan arasında bir sıra vacib sənədlərin imzalanmasını Türk Dövlətləri Təşkilatının (TDT) güclənməsi və Türk Birliyi siyasətimizin genişlənməsi istiqamətində atılmış növbəti mühüm addım kimi dəyərləndirmək olar. Bu zirvə görüşünün ən önəmli nəticəsi isə sözügedən üç türk dövləti arasında müttəfiqlik münasibətlərinin mahiyyət etibarilə yeni mərhələyə yüksəlməsi oldu.

Əslində hər bir zirvə görüşü müttəfiqlik münasibətlərinin gücləndirilməsinə xidmət edir. Hərçənd ki, Prezident İlham Əliyevin zirvə görüşündəki çıxışında bildirdiyi kimi, bu gün Azərbaycanın həm Türkiyə, həm də Türkmənistanla siyasi əlaqələri yüksək səviyyədədir, lakin bununla belə, dekabrın 14-də baş tutan Azərbaycan-Türkiyə-Türkmənistan üçtərəfli formatında görüş qardaş ölkələr arasında münasibətlərin təkcə siyasi sahədə deyil, iqtisadi, mədəni, humanitar istiqamətlərdə də daha da inkişaf etməsinə böyük töhfə vermiş olacaq.

Onu da qeyd etməliyik ki, bu görüş Azərbaycan, Türkiyə və Türkmənistan dövlət başçılarının birinci üçtərəfli zirvə görüşüdür. Bu tamamilə yeni formatdır və bu formatda görüşün ilk dəfə keçirilməsinə baxmayaraq nəticələri əminliklə uğurlu və səmərəli hesab etmək olar. Dünyada geosiyasi ziddiyyətlər və toqquşmaların gün-gündən çoxaldığı hazırkı məqamda belə bir zirvə toplantısının keçirilməsi həqiqətən də Türk dünyasına böyük töhfədir və türk dövlətlərinin get-gedə vahid qüvvə kimi çıxış edən yeni güc mərkəzinə, geosiyasi aktora çevrilməsi baxımından olduqca əhəmiyyətlidir.

Biz bu görüşə həm də birlik, həmrəylik nümunəsi kimi baxmalıyıq. Xüsusən də uzun müddət Türk birliyi ideyasına soyuq yanaşmış, digər türk dövlətləri ilə inteqrasiya təşəbbüslərindən hər vəchlə yayınmış Türkmənistanın bu gün Türk birliyi istiqamətində sürətlə məsafə qət edərək belə bir zirvə görüşünə ev sahibliyi etməsi ollduqca sevindirici haldır. Odur ki, biz əvvəllər məlum səbəblərdən Türkmənistanı qınayırdıqsa, bu gün bu ölkənin rəhbərliyinin yeni reallıqlardan çıxış etməsini heç şübhəsiz ki, təqdir edirik.

Türkmənistan da daxil olmaqla hazırda bütün türk dövlətləri və topluluqları arasında həmrəyliyin, “dildə, fikirdə, işdə fikir birliyi”nin mövcud olması hava-su kimi zəruridir. Bu baxımdan, liderlərin zirvə görüşləri və qarşılıqlı səfərlər qardaş ölkələrin həmrəylik mövqeyini daha da gücləndirir və eyni zamanda baş verə biləcək bütün fors-major hallara, qlobal böhranlara qarşı səy və imkanları birləşdirməyə, vahid güc mərkəzi kimi çıxış etməyə zəmin yaradır. Biz eyni soykökə, ortaq mədəniyyətə malik olan türk xalqlarının birlik, həmrəylik addımlarını alqışlayırıq. Sevindirici haldır ki, Azərbaycan bu prosesdə aparıcı rol oynayır.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Xəbəri paylaş