Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Quba-Bakı istiqamətində deformasiyaya uğramış hissəsinin yenidən qurulması işləri son mərhələdə olmaqla davam edir.
Newscenter.az xəbər verir ki, aparılan işlər zamanı yolun hərəkət hissəsinin deformasiyaya uğramış və dağılmış hissələri, yararsız monolit-beton dağıdılaraq ərazidən kənarlaşdırılıb, yol əsasının yararsız qruntu çıxarılıb. Qazıntı işləri ərazidən asılı olaraq 2.5 metrə qədər dərinlikdə icra olunub.
Daha sonra qazılmış əraziyə yararlı qruntun tökülməsi və xüsusi texnikalardan istifadə olunmaqla kipləşdirmə işləri görülüb, yeni yol yatağı, yeni yol əsasının tikintisi aparılıb. Kipləşdirmə dərəcəsini yoxlamaq məqsədi ilə ərazidən xüsusi texnikanın köməkliyi ilə nümunələr götürülərək, labarator şəraitdə yoxlanılıb. Kipləşdirmə əmsalına uyğun tikinti ərazisində yenidənqurma işləri görülüb.
Sadalanan işlər yekunlaşdıqdan sonra "İnşaat Norma və Qaydaları"na əsasən yola lazımi qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb. Artıq yolun böyük bir hissəsində bütün bu işlər yekunlaşıb. Hazırda yolboyu aşınma qatı olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi, layihə üzrə zəruri yerlərdə drenaj işləri və beton küvetlərin tikintisi davam etdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında mövcud olan tikinti norma və qaydalarına uyğun yüksək keyfiyyətlə aparılan yenidənqurma işlərinin təyin olunmuş vaxtda yekunlaşdırılması üçün tikinti ərazisinə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.
Görülən işlərə paralel olaraq yol nişanları, məlumatverici lövhələr, siqnal dirəklərinin quraşdırılması, yolcizgi və yolgöstərici xətlərin çəkilməsi işləri də yerinə yetirilir.
Qeyd edilən yenidənqurma işlərinin aparılması ilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun sözügedən hissəsində avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinə maneə yaradan problemlər tam olaraq aradan qaldırılacaq.
İşlərin aparıldığı ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılıb. Təmir-bərpa işləri aparılan müddət ərzində əks istiqamət üzrə 2 tərəfli hərəkət təmin edilib. 2 tərəfli hərəkətin təhlükəsiz və maneəsiz təmin olunması üçün ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb, müvafiq nişanlanma xətlərinin çəkilişi və müvəqqəti yol nişanlarının quraşdırılması işləri aparılıb.
Sürücülərdən bir daha təmir-bərpa işlərinin aparılmasına anlayışla yanaşmaları, sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
Qeyd edək ki, Rusiya Federasiyası ilə dövlət sərhədi istiqamətində yeni avtomagistral inşa edilir. Ödənişli olması nəzərdə tutulan avtomagistraldan hər-hansı bir səbəbdən istifadə etmək istəməyən vətəndaşlarımıza ədalətli və bərabər imkanlara sahib alternativ seçim təmin etmək üçün mövcud Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu yenidən qurulur.
Sevinc