Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın həm Türkiyə, həm də Türkmənistanla siyasi əlaqələri yüksək səviyyədədir

Azərbaycanın həm Türkiyə, həm də Türkmənistanla siyasi əlaqələri yüksək səviyyədədir


"Prezident İlham Əliyevin bir neçə gün əvvəl dekabrın 14-də Türkmənistanda təşkil olunmuş Prezidentlər Rəcəb Tayyib Ərdoğan və Sərdar Berdiməhəmmədovla Üçtərəfli Zirvə Görüşündə çıxışı bir sıra mühüm məqamlarla yadda qaldı. Cənab Prezident bildirdi ki, Azərbaycan, Türkiyə və Türkmənistanın tarixi bağlar üzərində qurulmuş münasibətləri ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün imkanlar yaradır".

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı Jalə Əhmədova səsləndirib. O bildirib ki, Azərbaycanın həm Türkiyə, həm də Türkmənistanla siyasi əlaqələri yüksək səviyyədədir:

"Türkiyə ilə keçən il imzaladığımız Şuşa Bəyannaməsi münasibətlərimizi strateji müttəfiqlik səviyyəsinə çatdırıb. 2017-ci ildə Azərbaycanla Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb. Ölkələrimiz beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ATƏT və digər təsisatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərir və əməkdaşlıq edirlər. İqtisadi əməkdaşlığın inkişaf dinamikasından danışan dövlət başçısı qeyd etdi ki, 2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 45 faiz artaraq 5 milyard dollara çatıb. Azərbaycandan Türkiyə iqtisadiyyatına 20 milyard dollara yaxın, Türkiyədən Azərbaycan iqtisadiyyatına isə 14 milyard dollara yaxın sərmayə yatırılıb. Bu il Türkmənistan ilə ticarət dövriyyəsi də 5 dəfə artıb".

Millət vəkili deyib ki, Cənab Prezident Azərbaycan, Türkiyə və Türkmənistanın nəqliyyat-logistika sahəsində də böyük uğurlara imza atdığını qeyd edib:

"Belə ki, ölkələrimiz tərəfindən bir çox layihələr icra edilib ki, bunlar da öz növbəsində nəqliyyat bağlantıları sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır. Hər üç ölkədə bu sahəyə qoyulan sərmayələr yeni, müasir infrastrukturun yaradılmasına xidmət edir. Ölkə başçısı çıxışında Azərbaycanın önəmli tranzit ölkəsinə çevrilməsindən danışaraq, ölkəmizin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısı kimi öz ərazisində dəmir yolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı olan bütün əsas layihələri icra etdiyini diqqətə çatdırdı. Bildirdi ki, 2022-ci ilin ilk 10 ayında Azərbaycan ərazisindən keçən ümumi tranzit daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 80 faizdən çox artıb. Dövlət başçısı qeyd etdi ki, Zəngəzur dəhlizi 2024-cü ildə tamamlanacaq və nəticədə yeni nəqliyyat dəhlizi yaranacaq. Bundan başqa, regionun logistik potensialını zənginləşdirən layihələr arasında Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyətinin 25 milyon tona çatdırılması, Xəzər dənizi sahilində yerləşən Ələt Azad İqtisadi Zonası, Bakı-Tbilisi-Qars dəmir yolunun ötürücülük qabiliyyətinin 5 milyon tona çatdırılması, ölkəmizdə hava limanlarının sayının artırılması böyük imkanlar yaradacaq. 2020-ci ilin sonunda 44 günlük Vətən müharibəsindən danışan dövlət başçısı qeyd etdi ki, əldə olunmuş Zəfər nəticəsində regionda yeni nəqliyyat-kommunikasiya layihələri üçün əlverişli imkan yaranıb".

Jalə Əhmədova diqqətə çatdırıb ki, dekabrın 14-də Türkmənbaşı şəhərində prezidentlər İlham Əliyevin, Rəcəb Tayyib Ərdoğanın və Sərdar Berdiməhəmmədovun geniş tərkibdə görüşündən sonra imzalanmış Azərbaycan-Türkiyə-Türkmənistan sənədləri üç ölkə arasında əməkdaşlığın daha da inkişafına xidmət edir:

"Səfər çərçivəsində qəbul edilmiş Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan Dövlət Başçılarının Birinci Zirvə Görüşünün Birgə Bəyanatı, həmçinin imzalanmış “Ticari-iqtisadi əməkdaşlıq haqqında hökumətlərarası Saziş”, “2023-2025-ci illər üzrə elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığa dair hökumətlərarası Çərçivə Proqramı”, o cümlədən gömrük, energetika və nəqliyyat sahələrinə dair memorandumlar Türkmənistanda təşkil olunmuş Üçtərəfli Zirvə Görüşünün əhəmiyyətini daha da artırır".

Ruhiyyə
Xəbəri paylaş