Azərbaycan Respublikasının Konstitusiyanın 28-ci maddəsində ehtiva olunan azadlıq hüququnun ən mühüm elemeentlərindən biri Qanuni surətdə Azərbaycan ərazisində olan hər kəsin sərbəst hərəkət edə bilməsidir. Bu hüquq eyni zamanda 1948-ci ilin İnsan hüquqları Bəyannaməsinin 13-cü və 1966-cı il Mülki və siyasi hüquqlar haqqında Paktın 12-ci maddəsində açıq formada təsbit olunub.
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov səsləndirib. Millət vəkili bildirib ki, Rusiya sülhməramlıları media mənsubları və vətəndaş cəmiyyəti nümayəndələrinin qarşısını kəsməklə, həm bizim Konstitusiyanı, həm də beynəlxalq hüququ kobud şəkildə pozur:
"İkincisi, Konstitusiyamızın 14-cü maddəsinə əsasən təbii ehtiyatlar hər hansı fiziki və ya hüquqi şəxslərin hüquqlarına və mənafelərinə xələl gətirmədən Azərbaycan Respublikasına mənsubdur. 39-cu maddənin III hissəsində isə qeyd edilir ki, heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz".
Deputat qeyd edib ki, bu gün Rusiya sülhməramlıların nəzarətində olan ərazilərdə ekosid baş verir, zamanın daraldığını görən separatçı rejim təbii sərvətlərimizi talan etməklə yanaşı vəhşicəsinə davranaraq təbiətə bərpası mümkün olmayan zərər vururlar:
"Sülhməramlılar isə nəinki buna mane olmur, əksinə ən yaxşı halda susmaqla Cinayət Məcəlləsin 28-ci fəsili üzrə ən azı 8 maddə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməllərə ortaqlıq edirlər. Buna mane olmaq istəyən, ictimai rəyi bu məsələyə yönəltmək istəyən, Ana yasamızın elə 39-cu maddəsinin II hissəsində ifadə olunan ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamağa vətəndaşlarımıza imkan vermirlər.
Bu eyni zamanda sülhməramlılar azərbaycanlı və erməni vətəndaşlarımız arasında birbaşa dialoqun qarşısında əsas maneəyə çevrilərək bölgədə ziddiyyəti də daha da dərinləşdirib sülh perspektivinə zərbə vurur. Xankəndi və ətraf ərazilərdə yaşayan erməni vətəndaşlarımız bunu nə qədər tez başa düşsələr bir o qədər yaxşı olar. Çünki yaxın tarix, 44 günlük savaş, Fərrux və Qisas əməliyyatlarının timsalında hər kəs gördü ki, Azərbaycanın qarşısında nə sülhməramlılar, nə də digər hər hansı üçüncü tərəf dayana bilmədi və bundan sonra da separatçıları da, Ermənistanı da Azərbaycanın dəmir yumruğundan kimsə xilas edə bilməyəcək".
Bəhruz Məhərrəmovun sözlərinə görə, bütün bunların fonunda bizdə haqlı olaraq çox ciddi suallar var ki, sülhməramlılar artıq bu bölgədə lazımdırmı?
"Hesab edirəm, belə bir vəziyyətdə, Rusiya-Azərbaycan münasibətlərinə xələl gətirmədən, bu prosesdə diletantlara meydan vermədən qeyd etdiyim sualın cavabını araşdırmalıyıq".
Anar Əliyev