“Türkdilli dövlətlərlə münasibətlərimizin intensivləşməsi, ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlıq gələcək üçün uğurlu perspektiv vəd edir. Təsadüfi deyildi ki, bu ilin noyabrında Səmərqənddə keçirilmiş Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə türk dövlət başçıları səmimi müttəfiqlik münasibətlərinin vacibliyini qeyd etdilər. Bundan sonra da müxtəlif sammitlər daxilində və ya ayrı-ayrılıqda görüşlər təşkil olundu. Bu görüşlər arasında cari ilin 14 dekabr tarixində Türkmənistanda təşkil olunmuş Azərbaycan, Türkmənistan və Türkiyə arasında Üçtərəfli Zirvə Görüşünü xüsusi vurğulamaq gərəkdir. İkinci Qarabağ müharibəsində Azərbaycanın tarixi Zəfərinin yaratdığı reallıqlar fonunda Türk dünyasının birliyi istiqamətində atılan addımlar, türkdilli dövlətlər arasında ikitərəfli və çoxtərəfli çərçivədə əlaqələrin genişlənməsi görüşün əsas siyasi əhəmiyyətini təşkil edir”.
Bunu Newscenter.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, bu müttəfiqlik özünü hər yerdə göstərir – siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğu istiqamətində. Prezident İlham Əliyev dekabrın 14-də Türkmənistanda təşkil olunmuş Üçtərəfli Zirvə Görüşündəki çıxışında qeyd etdiyi kimi strateji müttəfiqlik səviyyəsində olan siyasi əlaqələr mövcuddur: Azərbaycanın həm Türkiyə, həm də Türkmənistanla siyasi əlaqələri yüksək səviyyədədir. Türkiyə ilə keçən il imzaladığımız Şuşa Bəyannaməsi münasibətlərimizi strateji müttəfiqlik səviyyəsinə çatdırmışdır. 2017-ci ildə Azərbaycan ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanmışdır.
“2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 45 faiz artaraq 5 milyard dollara çatıb. Azərbaycandan Türkiyə iqtisadiyyatına 20 milyard dollara yaxın, Türkiyədən Azərbaycan iqtisadiyyatına isə 14 milyard dollara yaxın sərmayə yatırılıb. Bu il Türkmənistanla da Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 5 dəfə artıb”. - deyən Rəşadət Xalıqov əlavə edib ki, Azərbaycan, Türkiyə və Türkmənistan nəqliyyat-logistika sahəsində də ciddi uğurlar əldə edilib. Hazırda nəqliyyat bağlantıları sahəsində əməkdaşlıq üçün yeni imkanlar açılır ki, bununla bizim dünya beynəlxalq yükdaşımada əhəmiyyətimiz artır.
Onun sözlərinə görə, hər üç ölkədə bu sahəyə qoyulan sərmayələr yeni, müasir infrastrukturun yaradılmasına xidmət edir. Azərbaycan önəmli tranzit ölkəsi kimi bu əlaqələrin daha da genişlənməsində rolu olduqca böyükdür. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır. Bu mənada ölkəmiz tərəfindən öz ərazisində dəmir yolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı olan bütün əsas layihələr icra edilib. Məhz bunun nəticəsi olaraq 2022-ci ilin ilk 10 ayında Azərbaycan ərazisindən keçən ümumi tranzit daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 80 faizdən çox artıb. Bir sözlə qarşılıqlı maraq əsasında, dərin tarixi köklər əsasında qurulmuş bu münasibətlər türk dünyasına, ümumiyyətlə beynəlxalq siyasətə öz töhfəsini verəcək, müttəfiqliyimiz uğurlu bir nümunə kimi presedent yaradacaq.
Mehman