Bakı şəhəri üzrə əvvəlki illərdə ümumi təhsil məktəblərini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyəsi üzrə başa vura bilməyən şəxslər üçün keçirilən eksternat qaydasında aralıq imtahanları başa çatıb.
Newscenter.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, paytaxtdakı 258 nömrəli tam orta məktəbdə təşkil olunan imtahanda ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyəsi üzrə eksternlər hər birində 10 sual olmaqla 11 fənn (Ana dili (təlim dili), ədəbiyyat, riyaziyyat, kimya, fizika, informatika, Azərbaycan tarixi, ümumi tarix, biologiya, coğrafiya və xarici dil) üzrə imtahan veriblər. Hər iki səviyyə üzrə rus bölməsində təhsil almış şəxslər isə əlavə olaraq daha 1 fəndən də (Azərbaycan dili) sınaqdan keçiblər.
Qeyd edək ki, eksternat təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyələrini başa vura bilməyən şəxslərə həmin səviyyələr üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır. Eksternat imtahanlarında uğur qazanmış şəxslər ümumi orta və tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.
R.Mehdiyeva