Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti YAP nümayəndə heyətini qəbul edib

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti YAP nümayəndə heyətini qəbul edib


Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar bu ölkədə səfərdə olan Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Newscenter.az hakim partiyaya istinadən xəbər verir ki, Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbərlik etdiyi nümayəndə heyətinin də iştirakı ilə keçirilən görüşdə Türk dünyasında çoxşaxəli münasibətlərin inkişafının əhəmiyyətindən bəhs edilib, güclənən və təsir imkanları genişlənən Türk Dövlətləri Təşkilatının (TDT) bu kontekstdə fəaliyyətinin səmərəli nəticələr verdiyi diqqətə çatdırılıb. TDT-nin bu yaxınlarda Səmərqənddə keçirilən IX Zirvə Görüşündə mühüm qərarların qəbul edildiyi bildirilib, həmçinin Şimali Kipr Türk Cümhuriyyətinin təşkilata müşahidəçi üzv statusunda qəbul olunmasının əhəmiyyətindən söz açılıb. Xüsusi vurğulanıb ki, 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbə qazanan Azərbaycan regionda yeni reallıqlar yaradıb. Mövcud reallıqlar fonunda qardaş xalqların çoxşaxəli və məqsədyönlü fəaliyyəti, birgə təşəbbüsləri bölgəyə rifah və inkişaf vəd edir. Bu, eyni zamanda, Türk dünyası üçün parlaq perspektivlər yaradır.

Görüşdə, həmçinin Türk dövlətlərinin hakim siyasi partiyaları arasında əlaqələrin sıxlaşdırılmasının vacib olduğu, əməkdaşlığın dərinləşdirilməsi üçün geniş imkanların mövcudluğu vurğulanıb.
Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətinə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Musa Quliyev, Milli Məclisin deputatı, Azərbaycan-Türkiyə dostluq qrupunun üzvü Ramil Həsən, YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərov və Mərkəzi Aparatın Beynəlxalq əlaqələr və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Hülya Məmmədli daxildir.

Mehman
Xəbəri paylaş