"Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı, habelə ekoloji vəziyyətin pisləşməsi ilə bağlı ilkin monitorinq məqsədilə Azərbaycan Respublikası dövlət qurumlarının nümayəndələrinin və mütəxəssislərin əraziyə girişinə maneçilik törədilməsi səbəbindən Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri və ekoloqlar etiraz aksiyası həyata keçirirlər. Aksiyada iştirak edən hər kəs ərazilərimizdə olan Azərbaycanın təbii sərvətlərinin qanunsuz talanmasına, qanunsuz istismarına etiraz edir".
Bunu Newscenter.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
“Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarında ermənilər tərəfindən qanunsuz istismar həyata keçirilir, oradan əldə olunan gəlirlər isə ayrı-ayrı şəxslərin hesabına köçürülür, o cümlədən ətraf mühitə çox ciddi ziyan dəyib. Azərbaycanın sözügedən ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı dayandırılmalı, bütün təbii sərvətlərin istismarı Azərbaycan Respublikası qanunvericiliyi əsasında həyata keçirilməlidir. -- deyən Rəşadət Xalıqov əlavə edib ki, vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyası Azərbaycan ictimaiyyətinin haqlı narazılığının göstəricisidir və vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmətlə yanaşılmalıdır.
Rəşadət Xalıqov qeyd edib ki, Ermənistan tərəfinin guya Laçın yolunun bağlanması, bölgədə humanitar fəlakət yaşanması, etnik təmizlənmə həyata keçirilməsi barədə iddiaları böhtandır və həqiqəti əks etdirmir. Bu kimi bəyanatlarla rəsmi İrəvan beynəlxalq ictimaiyyətin diqqətini öz cinayətlərindən yayındırmağa çalışır. Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri sadəcə talan edilmiş təbii sərvətlərin qanunsuz daşınmasının qarşısını almağa çalışırlar. Laçın yolu isə azərbaycanlı etirazçılar tərəfindən deyil, Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanıb. Bu cür bəyanatlar Ermənistan baş nazirinin Praqa və Soçidə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsi üzrə bir daha qəbul etdiyi öhdəliklərə tamamilə ziddir.
Onun sözlərinə görə, təbii sərvətlərimizin talanmasına etiraz etmək, bu terrora son demək bizim haqqımızdır. Ona görə də ermənilərin uzun illərdir həyata keçirdikləri ekoloji terrorizm qarşısında beynəlxalq təşkilatlar məsələyə adekvat reaksiya göstərməli, bu cür cinayət halları qarşısında susmamalıdılar.
Mehman