Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andeyeva arasında ikitərəfli əməkdaşlığın cari vəziyyəti müzakirə edilib.
Bu barədə Newscenter.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüş əsnasında Azərbaycan ilə BMT, eləcə də onun ixtisaslaşmış qurumları arasında əməkdaşlığın cari vəziyyəti və gələcək əməkdaşlıq gündəliyinə dair məsələlər müzakirə edilib.
Nazir BMT-nin fəal üzvü olan ölkəmizin təşkilatın qlobal inkişaf təşəbbüslərində fəal iştirak etdiyini vurğulayıb. Görüşdə, həmçinin işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən bərpa və quruculuq işləri, mina təhdidi barədə məlumat verilib.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva bu il Azərbaycanla BMT arasında əlaqələrin 30 illiyi münasibətilə təşkil olunmuş silsilə tədbirləri məmnunluqla xatırlayıb. Dayanıqlı İnkişaf Məqsədləri-2030 gündəliyinin icrası ilə bağlı Azərbaycanın gördüyü işlərin əhəmiyyətini vurğulayıb.
Görüşdə təhsil, səhiyyə, enerji sahələrində və digər istiqamətlərdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb və mövcud əməkdaşlığı genişləndirmək imkanları nəzərdən keçirilib.
Mehman