10 noyabr 2020-ci il tarixdə imzalanmış Üçtərəfli Bəyanatın müddəaları Ermənistan tərəfindən yerinə yetirilmir. Belə ki, bəyanatın 4-cü bəndinə zidd olaraq erməni silahlı qüvvələri hələ də Azərbaycan ərazilərindən çıxarılmayıb, 6-cı bəndinə zidd olaraq Laçın yolundan həm hərbi təxribatlar, həm də qeyri-qanuni iqtisadi fəaliyyət üçün istifadə olunur, 9-cu bəndinə zidd olaraq bölgədə bütün nəqliyyat kommunikasiya yollarının açılmasına maneçilik törədilir.
Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılması, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi və dəymiş zərərin nəticələrinin aradan qaldırılması məsələləri üzrə işçi qrup yaradılmışdır. Belə ki, car ilin dekabrın 3-dən etibarən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı sülhməramlı kontingentin komandanlığı ilə danışıqlar aparıblar. Lakin danışıqlar nəticəsində əldə olunmuş razılığa baxmayaraq işçi qrup tərəfindən monitorinqin keçirilməsinə maneçilik törədilib. Təbii ki, Azərbaycan xalqının da səbrinin bir həddi, hüdudu var
Məhz buna etiraz əlaməti olaraq Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri və ekologiya fəalları Şuşa-Laçın yolunda etiraz aksiyası keçirmək qərarı veriblər . Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində Azərbaycan Qeyri-hökumət təşkilatının nümayəndələrinin, ictimai fəalların , jurnalistlərin və gənclərin iştirakı ilə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz əlaməti olaraq Şuşa – Laçın yolunda aksiya keçirilmişdir. Aksiya iştirakçıları ekoloji terror və yataqların qanunsuz istismarı əlehinə şüarlar səsləndirmişlər. Rusiya sülhməramlıları isə etiraz aksiyası qarşısında səsləndirilən şüarların və sualların qarşısında təbii ki aciz qalmışlar . Aksiya dinc şəkildə keçmiş, hər hansı asayiş pozuntusu baş verməmişdir. Etirazçılar hər hansı yolu bağlamayıblar və onlar sadəcə talan edilmiş təbii sərvətlərin qanunsuz daşınmasının qarşısını almağa çalışırlar. Yol isə Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanıb. Ermənistanın yolun bağlanması ilə bağlı absurd bəyanatları əslində Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının hələ də davam etdiyinin göstəricisidir. Bu cür bəyanatların Ermənistan baş nazirinin Praqa və Soçidə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsi üzrə bir daha qəbul etdiyi öhdəliklərə ziddir.
Bildiyiniz kimi Şuşa Azərbaycanın ən gözəl məkanlarından olmaqla yanaşı həm də dağ yeridir. Lakin soyuğa , şaxtaya baxmayaraq bizim həmvətənlərimiz gecəli – gündüzlü öz etirazlarını bildirmişlər. Etirazçıların tələbləri isə dəyişməzdir: Azərbaycanın təbii sərvətlərinin talan edilməsinə son qoyulmalı, aksiya iştirakçılarının Qızılbulaq qızıl yatağına və Dəmirli mis-molibden yatağına baş çəkmələri təmin edilməli, Rusiya sülhməramlı kontingentinin komandanı general-mayor Andrey Volkov aksiya keçirilən yerə gəlməli, bütün suallara cavab verməli və etirazçıların tələbini yerinə yetirməlidir.
Bir neçə gün davam edən Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyası Azərbaycan ictimaiyyətinin haqlı narazılığının göstəricisidir və vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmətlə yanaşılmalıdır, həmçinin Ermənistanın Azərbaycan ərazilərində ekoloji vəziyyətin pisləşməsinə səbəb olan və sərvətlərimizin talan edilməsi kimi əməllərinə son qoymasını tələb edir. Keçirilən haqlı etiraz aksiyası ilə əlaqədar rəsmi İrəvan manipulyasiyalar etməyə çalışır və qərəzli iddialar səsləndirir. Belə ki, Ermənistan tərəfinin guya Laçın yolunun bağlanması, bölgədə humanitar fəlakət yaşanması, etnik təmizlənmə həyata keçirilməsi barədə iddiaları böhtandır və həqiqəti əks etdirmir. Azərbaycanın sözügedən ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı dayandırılmalı, bütün təbii sərvətlərin istismarı Azərbaycan Respublikası qanunvericiliyi əsasında həyata keçirilməlidir.
Münaqişə bitməsinə baxmayaraq, müharibə cinaəyətlərindən qalmayan Ermənistan Laçın-Xankəndi yolundan hərbi məqsədlər, minaların və talan olunan təbii sərvətlərin daşınması məqsədilə istifadə edir. Ermənistanın bu qanunsuz əməllərinin qarşısı qəti surətdə alınmalıdır. Həmçinin kriminal iş adamı Ruben Vardanyanın Azərbaycanın təbii sərvətlərinin talan etməsi və ətraf mühitə ciddi ziyan vurulması yolverilməzdir.
Ermənistan çoxnövlü terror törərtməklə məşğul olan ölkədir və bu ölkənin Azərbaycana qarşı ekoterrorizm siyasəti bu gün də davam edir. Belə ki, Ermənistanın ekoloji terror siyasəti nəticəsində Azərbaycan ərazisindən keçən Araz çayına axan Oxçuçayda suyun tərkibindəki ağır metalların miqdarının dəfələrlə normadan artıqdır. Ermənistanın törətdiyi cinayətlər beynəlxalq təşkilatların da hesabatlarında qeyd edilir. ATƏT, BMT-nin İnkişaf Proqramı, Ətraf Mühit Proqramı, Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul olunmuş hesabatlarda və qətnamələrdə işğal dövründə ərazilərimizdə həyata keçirilmiş qeyri-qanuni iqtisadi fəaliyyət və təbii sərvətlərin qanunsuz istismarı faktları qeydə alınıb. Ermənistan öz qeyri-qanuni iqtisadi fəaliyyəti ilə beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozur. Bu cür cinayətlər Ermənistan Respublikası üçün hüquqi məsuliyyət yaradır.
Məmmədova Lalə
YAP Yevlax rayon təşkilatının fəalı, Yevlax rayon M.Kərimov adına Tanrıqulular kənd tam orta məktəbin Riyaziyyat və informatika müəllimi