2023-cü il yanvarın 1-dən bir sıra tibb müəssisələri də TƏBİB-in tabeliyindən çıxarılaraq Səhiyyə Nazirliyinə veriləcək. Daha doğrusu, Səhiyyə Nazirliyinə geri qaytaılacaq. 2020-ci il yanvarın 1-dən ölkəmizdə icbari tibbi sığorta sisteminin işə düşməsi ilə əlaqədar olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nəzdində “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) yaradıldı və Nazirlər Kabinetinin bundan hələ bir il əvvəlki qərarı ilə Səhiyyə Nazirliyinin böyük sayda müəssisələri adı çəkilən quruma, yəni TƏBİB-ə verilmişdi. Bu qərar 2020-ci ilin yanvarın 1-dən qüvvəyə minmişdi.
Newscenter.az-ın xəbərinə görə, məsələ ilə bağlı fikirlərini bölüşən iqtisadçı Pərviz Heydərov bunları deyib:
"Hələ onda yazmışdım ki, səhiyyə müəssisələrinin TƏBİB-in tabeliyinə verilməsi ölkəmizdə səhiyyə xidmətində idarəetməni təkmilləşdirilmək kimi qələmə verilsə də, bütövlükdə səhiyyə sistemində idarəetməni təkmilləşdirmək istiqamətində yalnız ilkin addımdır. Yəni, idarəetmə bu yolla təkmilləşdirilə bilməz. Əks təqdirdə, sözügedən addım effekt verməyəcək. Səhiyyə sosial müdafiə siyasətinin tərkib hissəsi olduğundan əslində bu sahədə kurs bir əldə cəmləşməli, idarəetmədə, inzibatçılıqda "bir pəncərə" sistemi hökm sürməlidir".
İqtisadçı hesab edir ki, Səhiyyə Nazirliyi olan yerdə isə, başqa sözlə desəm, tələb olunan struktur mövcud olduğu halda 5-ci təkərə ehtiyac yox idi:
"Ümumiyyətlə, bizdə düşünülməmiş, ölçü-biçisiz qərarlar çoxdur. Ən acınacaqlısı da odur ki, bütün bunlar ən çox səhiyyə və təhsil sahəsinə dair qəbul edilir. Səhiyyəni və təhsil sahəsini döndərmişik laboratoriya mərkəzinə".
Anar