Bir müddətdir ki, kiçik mühərrikli avtomobillərin icbari sığortası (NVSMMİS) problemə çevrilib. Sığorta şirkətləri qeyri-rəsmi olaraq sözügedən avtomobillərin icbari sığortasından imtina edirlər. Sığorta agentlərinə tapşırılıb ki, mühərrik həcmi iki min kub santimetrə (2.0 mator) qədər olan avtomobillərə icbari sığorta muqaviləsi yazılmasın.
Newscenter.az-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən sabiq millət vəkili, iqtisadçı Nazim Bəydəmirli deyib ki, bu tələbə əməl etməyən agentlər isə sığorta şirkətləri tərəfindən problem yasayırlar:
"İmtina halları daha çox kiçik mühərrikli avtomobilləri əhatə etdiyindən bu avtomobillərin icbari sığortası üzrə agentlərə komissiya da verilmir, digər tərəfdən, əksər sığorta şirkətləri onlayn qaydada bu avtomobillərin icbari sığortasını bloklayıblar. Bununla belə, hər iki halda tətbiq edilən qadağa qanunsuzdur və tənzimləyici qurum Mərkəzi Bank tərəfindən bu addımı atan sığorta şirkətlərinə qarşı sanksiya tətbiq edilməlidir: “İcbari sığortalar haqqında” qanunun 23.3-cü maddəsinə əsasən sığorta şirkəti heç bir halda icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz. Əks halda, maliyyə bazarlarına nəzarət orqanı (Azərbaycan Mərkəzi Bankı) sığorta şirkətini cəzalandırmalıdır. Əvvəlcə, sığorta şirkətinə bununla bağlı xəbərdarlıq edilməli, növbəti dəfə lisenziyası ləğv edilməlidir. Bundan əlavə, sığorta şirkətinin vəzifəli və məsul şəxsləri də cərimə edilə bilər. Amma təəssüf ki, məsələ ilə bağlı indiyə kimi xəbərdarlıq edilən və ya cəzalandırılan sığorta şirkəti olmamışdir".
İqtisadçı deyib ki, könüllü olaraq cəmi bir sığorta şirkəti bu növ sigortadan imtina etmişdir və lisenziyası dayandırılmışdır:
"Bu ilin oktyabr ayinin 1-dən sığorta haqları qalxsa da yenə vəziyyət əvvəlki kimi qalır. Vətəndaşlar isə əlavə pul odəməyə belə razıdılar ki, təki cəriməyə (radara) düşməsinlər".
Anar