Reklam istehlakçının diqqətini əmtəəyə cəlb etməli, mal, iş və xidmət barədə məlumat verməklə yanaşı, fikir formalaşdırmalı, tələbat yaratmalıdır. Amma bəzi məhsullar var ki, onların reklam edilməsində xüsusi qaydalar mövcuddur. Spirtli içki, tütün məmulatları da məhz bu kateqoriyaya aiddir. Alkoqollu içkilərin istehsalı və satışı ilə məşğul olan təsərrüfat subyektlərinin bəzən “Reklam haqqında” Qanununun tələblərinə riayət etmədikləri üzə çıxır.
Newscenter.az-ın məlumatına görə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən reklam bazarında aparılan monitorinqlər zamanı məlum olur ki, bir sıra hallarda alkoqollu içkidən istifadə edən şəxsin ictimai nüfuz qazanacağı, müxtəlif sahələrdə uğurlar əldə edəcəyi, əhvalının yaxşılaşacağı barədə fikirlər yer alır. Alkoqollu içkilərdən istifadənin ziyansız və ya insan sağlamlığı üçün xeyirli, müalicəvi xassələrə malik olması barədə rəylərə də rast gəlinir. Mövcud qanunvericiliyə əsasən reklamlarda bu kimi hallara yol verilmir.
Qanuna əsasən, reklam edilən əmtəənin sağlamlığa və ətraf mühitə mənfi təsiri barədə məlumatlar qəsdən gizlədildikdə, bu, haqsız reklam hesab olunur. Qeyd olunanları nəzərə alaraq sözügedən məhsulların reklamında müəyyən olunan qadağalara riayət edilməlidir:
- alkoqollu içkidən istifadə nəticəsində şəxsin ictimai nüfuz qazanacağı, peşədə, idmanda və ya digər sahələrdə şəxsi uğurlar əldə edəcəyi, fiziki və ya emosional durumunu yaxşılaşdıracağı barədə rəy formalaşdırılmamalı;
- alkoqollu içkilərdən istifadə etməyənlər nüfuzdan salınmamalı;
- alkoqollu içkilərdən istifadənin ziyansız və ya insan sağlamlığı üçün xeyirli, müalicəvi xassələrə malik olması barədə rəy formalaşdırılmamalı;
- tündlük dərəcəsi yüksəldikcə, alkoqollu içkilərin keyfiyyətinin yüksəlməsi barədə fikir yaradılmamalı, susuzluğu yatırmaq vasitəsi kimi təqdim edilməməli;
- uşaqlar üçün verilişlərdə və dini proqramlarda alkoqollu içkilər reklam edilməməli;
- cəmiyyətdə tanınmış olan şəxslərin, kino və animasiya filmləri qəhrəmanlarının, heyvanların təsvirlərindən istifadə edilməməli;
- Teleradio proqramlarında tündlüyü 5 faizdən yuxarı olan alkoqollu içkilərin reklamı saat 07.00-dan 23.00-dək yayımlanmamalıdır.
Qeyd edək ki, bəzi reklam daşıyıcılarında - dövri mətbu nəşrin üz və arxa qabığında, yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş mətbu nəşrlərdə, audio və video materiallarda, nəqliyyat vasitələrinin üzərində və s. alkoqollu içkilərin reklamı yerləşdirilə bilməz.
Tündlüyü 5 faizdən yuxarı olan alkoqollu içkilərin reklamında ondan həddən artıq istifadənin sağlamlıq üçün zərərli olması barədə xəbərdarlıq öz əksini tapmalıdır. Bu xəbərdarlığa reklam sahəsinin 10 faizindən az olmayaraq yer ayrılmalıdır.
Ölkəmizdə açıq məkanda reklam istisna olmaqla, reklam fəaliyyətinə dövlət nəzarətini İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti həyata keçirir. İstehlakçılar haqsız, qeyri-dəqiq və gizli reklam halları ilə üzləşdikdə Dövlət Xidmətinə 195-1 Çağrı Mərkəzi, elektron poçt ([email protected]) və rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif) vasitəsilə müraciət edə bilərlər.
Sevinc