Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Biz Böyük Qayıdışın astanasındayıq"

"Biz Böyük Qayıdışın astanasındayıq"


Ölkəmiz Vətən müharibəsində tarixi Zəfərə Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, davamlı peşəkar siyasəti, qətiyyəti nəticəsində və qəhrəman Azərbaycan Ordusunun şücaəti sayəsində nail oldu. Bu, müstəqil Azərbaycan tarixinin ən parlaq dövrlərindən biridir və cənab Prezident İlham Əliyevin adı ilə bağlı olan möhtəşəm tarixi hadisədir.

Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə yerləşən tarixi abidələrin bərpası və qorunması işinin təşkili, abidələrin inventarlaşdırılması, pasportlaşdırılması, mühafizə zonalarının müəyyən edilməsi qarşıda duran əsas vəzifələrdəndir. Şanlı Azərbaycan Ordusunun 44 günlük zəfər yürüşü doğma Qarabağımızın azadlığa qovuşması ilə yanaşı, tarixi, mədəni irsimizi də erməni vandallarından xilas etdi. Müzəffər Ordumuz tarix səhifələrimizi qaralamağa, silməyə, saxtalaşdırmağa, təməlini laxlatmağa çalışanlara layiqli dərs verərək yerinə otuzdurdu.

İşğalçılar bu illər ərzində yer adlarımızı, toponimlərimizi dəyişdirib, uydurma adlar qoyub, tariximizə iddia edə bilmədikləri məqamlarda isə barbarlığa əl ataraq maddi-mədəni, dini abidələrimizi vəhşicəsinə dağıdıblar. Erməni millətçiləri xalqımızın tarixi yaddaşını yox etmək, qədim Azərbaycan torpaqlarında türk-müsəlman mədəniyyətinin izlərini silmək üçün hər cür namərdliyə əl ataraq çirkin əməllərini illər boyu davam etdiriblər. 30 il müddətində işğal altında saxladıqları Qarabağda dünyada misligörünməmiş talançılıqla məşğul olub, bütün tarixi, dini abidələrimizi məhv ediblər. Ermənilər tərəfindən ən çox dağıntılara və tələfata məruz qalanı islam dini abidələri, yəni məscidlər, türbələr və digər inanc yerləri olmuşdur. Dağlıq Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 müsəlman məscidinin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınmışdır. Yalnız beynəlxalq təşkilatların təzyiqləri nəticəsində Ağdam Cümə məscidini, Şuşa şəhərindəki Aşağı Gövhər ağa, Yuxarı Gövhər ağa və Saatlı məscidlərinin divarlarını salamat saxlamaq mümkün olub. Ermənilər dini dəyərlərimizə hörmətsizlik edərək Ağdam Cümə məscidinin içərisində ev heyvanları, o cümlədən donuz saxlamaqla azərbaycanlıların heysiyyətləri ilə oynayıblar.

Mütəxəssislər, işğal olunmuş ərazilərdə qalan və islam dövrünə aid olan tarixi abidələrin ermənilər tərəfindən xüsusi amansızlıqla dağıdılmasının əsas səbəbini onların üzərində müsəlman epiqrafiyası ilə yazıların olması ilə izah edirlər. Bildirirlər ki, bu abidələri erməniləşdirmək və qeyri-Azərbaycan abidələri kimi təqdim etmək mümkün olmadığı üçün onlar bu cür vəhşiliyə əl atıblar.

Tarix boyu ermənilərin həyata keçirmək istədikləri əsas məkrli niyyətlərdən biri də Azərbaycan ərazilərindəki Qafqaz alban irsinə yiyələnmək olub. Buna görə də Qarabağda olan alban məbədlərində özününküləşdirmə, tarixi faktların saxtalaşdırılması ilə məşğul olublar. Onlar bu əməlləri ilə həmin ərazilərə olan iddialarını gücləndirmək, saxta faktlar təqdim edərək dünyanı bu yalanlarına inandırmağa çalışıblar.

Tarixi reallıqdır ki, hələ XIX əsrdə Çar Rusiyası tərəfindən Azərbaycanda xristian mədəni irsinə sahib olan udilərin, o cümlədən alban tayfalarının birbaşa erməni kilsəsinin ixtiyarına verilməsində də Qafqaz Albaniyasının xristian mədəni təməli üzərində erməni icmasının gücləndirilməsi kimi məkrli məqsədlər güdülüb. Və hələ o zamanlardan ermənilərin bura gəlmə yox, yerli xalq olması yalanına “həqiqi don” biçmək üçün Qarabağda Gəncəsər monastırında, Gədəbəy və digər bölgələrdəki alban məbədlərində alban xaçları oğurlanıb, erməni Qriqorian xaçı ilə əvəz edilmişdi.

Mənfur düşmənin talan etdiyi, saxta izlər saldığı və yiyələnmək istədiyi belə məbədlərdən biri də Kəlbəcər rayonunun Vəng kəndi ərazisindəki Xudavəng və ya Dədəvəng kompleksidir. VI-VII əsrlərdə inşa olunmuş bu abidə Azərbaycanın xristian memarlığının ən iri və ən gözəl abidələrindən biridir. Xudavəng monastır kompleksində çoxlu inşaat kitabələri və yazılar qalmışdır ki, onlarda göstərilən bir sıra adlar: Arzu xatun, Tursun, Seyti, Hasan, Avaq, Şəms, Altun, Ağbux, Qaragöz və s. bu abidəni ucaldanların etnik mənsubiyyətinin - türklüyünün dəqiq göstəricilərindən biridir.

Qarabağda isə böyük quruculuq işləri aparılacaq, tarixi, mədəni, dini abidələrimiz bərpa ediləcək. Artıq bu istiqamətdə işlərə start verilib. Belə ki, Prezident İlham Əliyevin fərmanına uyğun olaraq, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyini təmsil edən nümayəndələr abidələrin və mədəniyyət müəssisələrinin ilkin inventarlaşdırılması məqsədilə monitorinqlərə başlayıblar. Aparılan ilkin monitorinqlər zamanı 177 tarix-mədəniyyət abidəsinə, tarixi, memarlıq və arxeoloji əlamət daşıyan obyektə, habelə 368 mədəniyyət müəssisəsinə baxış keçirilib. Monitorinqlər zamanı mədəniyyət müəssisələrinin və abidələrin əksəriyyətinin dağıdıldığı, mənimsənildiyi və vandalizm aktlarına məruz qaldığı aşkar edilib.

Ordusunun 44 günlük Zəfər yürüşü erməni haqsızlığına, talançılığına, vəhşiliyinə son qoydu. Düz 27 ildən sonra Ağdam Cümə məscidində azan sədası yüksəldi. Ali Baş Komandan İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva həmin məscidi ziyarət etdilər. Dövlət başçısı Məkkədən gətirdiyi müqəddəs “Quran”ı məscidə hədiyyə etdi.

Müzəffər sərkərdə bir daha həm erməni barbarlarına, həm də onların havadarları olan ölkələrə mesaj ötürdü ki, tezliklə bütün tarixi, mədəni, dini abidələrimiz bərpa olunaraq əvvəlki görkəminə qaytarılacaq. Xalqımızın min illərin o tayından adlayıb gələn tarixi kökləri qorunacaq və Qarabağla bağlı haqq da, həqiqət də, tarix də daim yaşayacaqdır. Və şanlı Azərbaycan tarixi olduğu kimi yenidən bərpa edilərək Azərbaycan xalqının zəngin xəzinəsi kimi gələcəyə ötürüləcək.

Aynur Baxşəliyeva - Şəhid Alı adına 5 nömrəli tam orta məktəbin tarix müəllimi
Xəbəri paylaş