Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının son iclasında bəzi ölkələrin təmsilçiləri tərəfindən Azərbaycanın ünvanına səsləndirilən fikirlər tamamilə qərəzlidir və hazırkı vəziyyətin mahiyyətindən uzaqdır. Azərbaycan Xankəndiyə gedən yolu bağlamayıb. Həmin yolda Azərbaycanın Qeyri-Hökumət Təşkilatları “Ekoloji terrora son” şüarı ilə etiraz aksiyası keçirir, Qarabağ iqtisadi rayonundakı təbii sərvətlərimizin talanması və mədənlərimizin qanunsuz istisamarına son qoyulmasını tələb edirlər. Ərazi də bizimdir, yol da, oradakı adamlar da. Atacağımız addımları və davranışıarımızı yalnlz özümüz müəyyənləşdirə bilərik.
Sözügedən iclasda səsləndirilən əsassız fikirlər Azərbaycanı öz yolundan və haqlı mövqeyindən çəkindirə bilməz. Bu gün bütün dünya Azərbaycandakı birlik və bərabərliyin sarsılmaz olduğunu müşahidə edir. QHT-lərin Xankəndi yolunda təşkil etdiyi etiraz aksiyası da məhz həmrəyliyimizin, xalq olaraq birliyimizin göstəricisidir. Biz yol kəsməmişik. İstədiyimiz odur ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi ərazilərdəki mədənlərimizdə monitorinqlərin aparılmasına şərait yaradılsın.
Bu gün Ermənistan mətbutında BMT Təhlükəsizlik Şurasının iclası barədə məlumatlar və orada səsləndirilən qərəzli fikirlər geniş şəkildə tirajlanır. Ermənistan bununla Azərbaycana qarşı təzyiqlərin guya artığını göstərməyə çalışır. Ermənilər BMT-yə belə önəm verən idilərsə, niyə bu qurumun Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılması tələbi ilə qəbul etdiyi dörd qətnaməni 30 ilə yaxın müddətdə icra etmədilər? İndi nə oldu ki, BMT-nin, onun Təhlikəsizlik Şurasının əhəmiyyəti bu qədər artdı? Görünür o dərəcədə çıxılmaz vəziyyətdədirlər ki, dünənə qədər önəm vermədikləri bir qurumun Təhlükəsizlik Şurasında səsləndirilmiş növbətçi çıxışlara bel bağlayırlar. Əlbəttə, bütün bunlar əhəmiyyətsiz cəhdlər, mənasız gözləntilərdir. Söhbət əgər Azərbaycanın dövlət və milli maraqlarından gedirsə, burada kənar qüvvələr, hansısa beynəlxalq təşkilatlar təsir gücünə malik ola bilməzlər. Azərbaycanın öz yolu var və cənab Prezidentin dediyi kimi, bizi bu yoldan heç kəs döndərə bilməz.
Yeri gəlmişçkən, Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışı Ermənistanın yalanlarına və bu ölkənin BMT yanındakı daimi nümayəndəliyinin əsassız iddialarına tutarlı cavab oldu.
Ramin Əhmədov-ictimai-siyasi fəal