“Böyük Qayıdışa dair I Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, Dövlət Proqramının prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapmışdır. Dövlət Proqramının hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınmışdır".
Bunu Newscenter.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
"Dövlət Proqramının əhatə dairəsini Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilər təşkil edir. Dövlət Proqramının icrası çərçivəsində işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin əlaqələndirilmiş şəkildə təşkili, ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, dövlət-özəl tərəfdaşlığına əsaslanan iqtisadi artımın stimullaşdırılması və dayanıqlı məskunlaşmanın təmin edilməsi kimi hədəflərin həyata keçirilməsində institusional baza müstəsna əhəmiyyətə malikdir". - deyən Rəşadət Xalıqov əlavə edib ki, Böyük Qayıdışa dair I Dövlət Proqramında keçmiş məcburi köçkünlərin yüksək səviyyədə məskunlaşmasının təmin olunması qarşıya mühüm vəzifə kimi qoyulub. Bunun üçün düşməndən təmizlənən ərazilərdə planlaşdırılan layihələrin icrası zəruri ilkin şərt olaraq qəbul edilib.
Rəşadət Xalıqov qeyd edib ki, Böyük Qayıdışın ən önəmli tərkib hissələrindən biri də təhlükəsizlik məsələsidir ki, bu da dövlət proqramında əsas yer tutur. Ərazilərin minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi bölgəyə köçürüləcək əhalinin rahat və təhlükəsiz yaşaması baxımından çox vacibdir. Müasir şəhərsalma qaydaları nəzərə alınmaqla bölgədə yaşayış və qeyri-yaşayış komplekslərinin inşa ediləcəyi, innovativ həllərə əsaslanan infrastruktura malik “ağıllı şəhər və ağıllı kənd” konsepsiyalarının həyata keçiriləcəyi nəzərdə tutulub.
Onun sözlərinə görə, bütün bunlar göstərir ki, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın tezləşdirilməsi üçün lazım olan bütün işlər yüksək səviyyədə həyata keçirilir. Şübhəsiz ki, Azərbaycan vətəndaşları öz doğma yurdlarına dönəndən sonra yaradılmış şəraitdən istifadə edəcək. Bütün bu işlərin görülməsində əsas məqsəd xalqın rifahını yaxşılaşdırmaq, insanların layiqli yaşamını təmin etməkdir. Şübhə yoxdur ki, Azərbaycanın Qələbəsi nəticəsində regionda yaranan yeni şərait ölkəmiz və bölgə üçün yaxşı perspektivlər vəd edir.
Mehman