Kür çayının Qıraqkəsəmən məntəqəsində orta su sərfi 229 m3/san təşkil etməklə 2021-ci illə müqayisədə 25-30 faiz çox olub, bu da Mingəçevir su anbarında suyun idarəçiliyində mühüm rol oynayıb. Bunu Newscenter.az-a Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev bildirib.
O qeyd edib ki, ölkə ərazisində Kürə tökülən çaylarda da sululuq 2021-ci illə müqayisədə bir qədər artıb. Suvarmada suya olan yüksək tələbatı ödəmək üçün Mingəçevir su anbarından Yuxarı Şirvan və Yuxarı Qarabağ kanalları vasitəsilə götürülən suyun həcminin bu il daha çox olmasına baxmayaraq, Kür çayına buraxılan suyun həcmi 3636 mln. m3 olmaqla ötən ilki göstəricidən (3030 mln. m3) çoxdur.
“Nəticədə Kür çayında da suyun səviyyəsi kifayət qədər yüksək olub və bu da Xəzər dənizindən dalğalanma zamanı duzlu suların çaya daxil olmasının qarşısının alınmasında mühüm rol oynayıb”.
R.Verdiyev qeyd edib ki, Mingəçevir su anbarından aşağıda Kür-Yevlax məntəqəsində orta illik su sərfi 128 m3/san, Zərdab məntəqəsində 144 m3/san, Surra məntəqəsində isə 115 m3/san təşkil edib ki, bu da ötən ilki göstəricilərlə müqayisədə bir qədər artıqdır.
“Bu il ərzində Mingəçevir su anbarından buraxılan suyun ümumi həcmi 7621 mln. m3 təşkil edib ki, bu da 2021-ci ildəki göstəricidən 16 faiz çoxdur. Anbara daxil olan suyun miqdarının ötən ilə nəzərən çox olması nəticəsində isə keçən illə müqayisədə suyun orta səviyyəsi 3 metr artıq, həcmi isə 13 faiz çox olub.
Sevinc