Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, “Vahid Rusiya” Partiyasının lideri Dmitri Medvedev dekabrın 21-də Çinə səfər edərək bu ölkənin lideri Si Sinpinlə görüşüb. Medvedyev Rusiya prezidenti Vladimir Putinin məktubunu Si Sinpinə çatdırıb.
Si Sinpin Dmitri Medveyvevlə görüşdə iki ölkənin hakim partiyaları arasında əməkdaşlığın dərinləşməsində maraqlı olduğunu bildirib. Onun sözlərinə görə, Çin Kommunist Partiyası “Vahid Rusiya” Partiyası ilə əməkdaşlığı genişləndirəcək. Ancaq yalnız bunu vurğualamaq üçün Pekinə səfər etməyin mənası yox idi.
Medveyev Si Sinpinlə Pekində görüşərkən Ukrayna prezidenti Volodimir Zelenski Ağ Evdə ABŞ prezidenti Co Baydenlə görüşürdü. Kreml Medvedyevi Pekinə göndərməklə sanki Zelenskinin ABŞ-a səfərinin beynəlxalq aləmdəki reaksiyasını zəiflətmək istəyib. Buna baxmayaraq, Volodimir Zelenskinin ABŞ-a səfəri və Konqresdəki çıxışı Medvedyevin Pekinə səfərini kölgədə qoydu. ABŞ Ukraynaya maliyyə və hərbi dəstəyini artıracaq.
Medvedyevin Sinpinlə görüşündə ikitərəfli əlaqələrlə yanaşı Ukraynadakı müharibə də müzakirə olunub. Pekinin mövqeyi belədir ki, müharibənin dayandırılması və sülhün bərqərar olması vacibdir. Si Sinpin bildirib ki, müharibənin uzanması tərəflərdən heç birinə fayda gətirmir. Müharibəni və işğalı davam etdirən Rusiyadır. Pekin isə buna görə Kremli tənqid etmir, əksinə Rusiya ilə əməkdaşlığı genişləndirir.
Qərb ölkələrinin Rusiyaya qarşı sanksiyaları sərtləşir. Kreml belə vəziyyətdə dünyanın ən böyük barazı olan Çinə daha çox neft və qaz satmağa çalışır. Pekin Rusiya neftinin və qazının idxalını artırmağa hazırdır, sadəcə qiyməti endirməyə çalışır.
Əsas sual budur: Putinin Si Sinpinə göndərdiyi məktubda nələr var?
Qərb ekspertləri məktubda Rusiya-Çin əməkdaşlığının bütün sahələrdə genişlədirilməsi vacibliyinin yazıldığını bildirirlər. Rusiyanın tərəfdaşlarının sayı azalıb. Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi çoxlarını Kremllə yaxınlıqdan çəkindirib, hətta Dehli belə Moskva ilə münasibətlərdə məsafə saxlamağa çalışır. Odur ki, Kremlin əsas ümidləri Çinədir. Kreml Ukraynaya qarşı işğalçı müharibədə Çini yanında görmək istəyir.
Elxan Şahinoğlu-“Atlas” Araşdırmalar Mərkəzinin sədri