Bu gün Azad Vətən Partiyası Siyasi Şurasının iclası keçirilib.
Newscenter.az-a partiyanın mətbuat xidmətindən bildirilib ki, Siyasi Şuranın sədri Novruz Novruzbəyli yığıncağı açıq elan edib, gündəliyi təqdim edib, qərarların icrası və görülən işlər barədə məlumat verib. İlk olaraq təşkilatı məsələlərə baxılıb. Partiyanın İmişli rayon şöbəsinin sədri Novruz Əliyevin səlahiyyətləri təsdiq olunub, Sevinc Axundova Siyasi Şuranın katibi, Svetlana Məhərrəmli, Mirsahib Alıyev, Tacəddin Eyyubov, Tahirə Məmmədova, İlham Hümbətov, İlqar Nərimanov Siyasi Şuranın sərbəst üzvləri seçiliblər. Sonra partiya sədri Akif Nağı “Hazırkı vəziyyət və qarşıda duran vəzifələr” barədə məruzə edib. Qeyd edilib ki, ötən dövr ərzində əsas diqqət rayon təşkilatlarının təşkilinə və vətəndaşların partiya sıralarına qəbul edilməsinə yönəldilib. Qarabağ Azadlıq Təşkilatının əksər yerli təşkilatları Azad Vətən Partiyasının tərkibində siyasi təşkilat olaraq fəaliyyətini davam etdirməyə qərar verib. Hesabat və məruzə ətrafında Tağı Kazımov, Əminə Cabbarova, Barat İmani, Afiq Axundov, Fərman Məmmədov, Məhəmmədəli Quliyev, Şaiq Süleymanov, İlham Hümbətov, Hacı Hacağa Nuri, İlqar İbrahimov və başqaları çıxış edərək fikir və mülahizələrini bildirib, ictimai-siyasi və sosial məzmunlu təkliflərini veriblər.
Sonda müzakirə olunan məsələlər barədə qərar qəbul olunub, həmçinin Laçın dəhlizində könüllülərin aksiyası, bu aksiyaya bir sıra dövlətlər tərəfindən göstərilən qərəzli münasibətlə bağlı bəyanat verilib. Bəyanatda deyilir: “Azad Vətən Partiyası hesab edir ki, bu il dekabrın 12-dən etibarən azərbaycanlı fəalların ekoloji terror və Azərbaycanın təbii ehtiyatlarının qanunsuz istismarı ilə əlaqədar Şuşa ərazisində keçirdikləri və hələ də davam etməkdə olan aksiya ərazi bütövlüyümüzün bərpası uğrunda gedən qətiyyətli mübarizənin tərkib hissəsidir. Hamının bildiyi kimi, 2020-ci il 10 noyabr bəyanatına görə Azərbaycan və Ermənistan regionda sülhün bərqərar olması üzrə öz üzərlərinə bir sıra öhdəliklər götürüblər. Ötən müddət ərzində Azərbaycan öhdəsinə götürdüyü vəzifələri ləyaqətlə yerinə yetirib. Ermənistan isə Rusiya və Fransa kimi havadarları ilə birlikdə min oyundan çıxaraq nəinki öhdəliklərini yerinə yetirir, hətta tərəflər arasında imzalanması gözlənilən sülh sazişini müxtəlif bəhanələrlə gündəlikdən çıxarmağa çalışır, vaxtaşırı sərhəddə təxribatlar törədir. Bu isə regionda ciddi gərginlik yaradır və yeni müharibəyə əsaslar verir.
Digər tərəfdən 10 noyabr bəyanatına zidd olaraq Laçın dəhlizinin hərbi məqsədlər üçün istifadə edilməsinə hələ də son qoyulmayıb. Daha bir səbəb isə nəqliyyat dəhlizlərinin açılmasına dair 10 noyabr bəyanatında qeyd olunmuş öhdəliklərdir. Azərbaycan bəyanatda qeyd edildiyi kimi Laçın dəhlizinin yeni marşrutunu istifadəyə verib, lakin Ermənistan tərəfi müxtəlif bəhanələrlə Mehri vasitəsi ilə Azərbaycandan Naxçıvan regionuna dəhliz açmaqdan imtina edir.
Aksiyaya toplaşmış azərbaycanlı fəalların konkret tələbləri var. Bölgədə ekoloji terrora son qoyulsun, Azərbaycan nümayəndələrinin faydalı qazıntı yataqlarına nəzarəti təmin edilsin. Beynəlxalq birlik həm siyasi, həm coğrafi, həm də tarixi baxımdan Qarabağın Azərbaycan ərazisi olmasını qəbul edib. Belə olan halda niyə azərbaycanlı mütəxəssislər öz ərazilərində monitorinqini apara bilməsinlər?
Ermənistan tərəfdən problemin mahiyyətini saxtalaşdıran hay-küy fonunda bəzi dövlətlərin Azərbaycana qərəzli müsabət sərgiləməsi başadüşülən deyil. Təəssüf ki, erməni riyakarlığı və bir sıra dövlətlərin ikiüzlü siyasəti üst-üstə düşür. Lakin indi nə iyirminci əsrin sonudur, nə də ki, Azərbaycan 30 il əvvəlki təklənmiş ölkədir. Ölkəmizə edilən yersiz hücumlara dövlətimizin və ordumuzun adekvat cavab verməyə kifayət qədər gücü var.
Bütün bunları nəzərə alaraq Azad Vətən Partiyası aksiyaçılarla həmrəyliyini bir daha diqqətə çatdırır və bildirir ki, Azərbaycan bayrağı tezliklə Xankəndi üzərində dalğalanacaq. O gün uzaqda deyil və biz ilk növbədə buna can atmalıyıq. Yaşasın xalqımızın birliyi!”
Anar