"İlham Əliyev təkcə çağdaş tariximizin deyil, ümumiyyətlə, Azərbaycan tarixinin ən parlaq şəxsiyyətlərindən, liderlərindəndir. Onun Azərbaycan xalqı və dövləti qarşısında xidmətləri o qədər böyükdür ki, heç bir şişirtməyə, hansısa təmtəraqlı ifadələrə yer vermədən gerçəklikləri, şahidi və iştirakçısı olduğumuz hadisələri xatırlamaq bu tarixi şəxsiyyətin siyasi portretini təqdim etmək üçün yetərlidir".
Newscenter.az xəbər verir ki, bu fikirləri Palmali Şirkətlər Qrupunun prezidenti, iş adamı Mübariz Mənsimov səsləndirib. O, daha sonra bunları qeyd edib:
"44 günlük Vətən müharibəsindən sonra bir azərbaycanlı kimi, ən qürur duyduğum məqam odur ki, mən artıq işğal altında yaşayan ölkənin deyil, mərd oğulların qanı və canı hesabına bütövlüyünü qazanmış Vətənimin zərrəsiyəm. İndiki dünyada "Qalib" sözünü işlətmək asandır, lakin bir ölkəni, bir milləti qalib etmək olduqca çətin, bəlkə də qeyri-mümkündür. Buna nail olmaq üçün Azərbaycana sərkərdə lazım idi. Biz çox xoşbəxt xalqıq ki, İlham Əliyev bir Ali Baş Komandan kimi bunu bacardı! Böyük Zəfər, xalq, dövlət və ordunun Dəmir yumruq kimi birliyi, nəhayət, QALİB AZƏRBAYCAN adlı əsərin müəllifi məhz İlham Əliyevdir!".
Mübariz Mənsimov sonda bunları xüsusi olaraq vurğulayıb:
"Müzəffər Ali Baş Komandanın ardıcıl fəaliyyəti, gərgin zəhməti nəticəsində bu gün dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, o cümlədən mən sonsuz fəxr hissilə bəyan edirik ki, AZƏRBAYCAN adlı qalib vətənin parçasıyıq. Hər bir azərbaycanlıya bu xoşbəxtliyi yaşatdığınız üçün Sizə minnətdaram, Cənab Prezident! Sizi ad günü münasibətilə ürəkdən təbrik edir, Sizə uzun ömür, can sağlığı diləyir, fəaliyyətinizdə uğurlar arzulayıram".
Anar