Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Pozucu qrup fəvvarələr meydanında nəyə etiraz edir?

Pozucu qrup fəvvarələr meydanında nəyə etiraz edir?


Azərbaycan ictimai fəalları Şuşa-Xankəndi yolunda erməni qanunsuzluğuna etiraz etdiyi bir zamanda pozucu bir qrup fəvvarələr meydanında nəyə etiraz edir?

Əvvəl ondan başlayaq ki, artıq 13-cü gündür Şuşa-Xankəndi yolunda davam edən etiraz aksiyası Azərbaycanın milli maraqları yolunda əsl vətəndaş mövqeyi və dirənişidir. Gecə və gündüz, şaxta və soyuğa baxmayaraq vətəndaş cəmiyyətimiz və gənclərimiz Şuşa-Xankəndi yolunda böyük dəyanət nümayiş etdirirlər, vətənimizin və təbiətimizin keşiyində mətanətlə dayanıblar. Düşünürəm ki, əsl vətənini sevən, vətənpərvər insan, vətəndaş məhz belə olmalıdır. Sən vətənini vətəndə ola-ola da, xaricdə yaşaya yaşaya da sevə bilərsən və onun uğrunda yaxşı işlər görə bilərsən, çünki bu vətənin bir parçasısan. Vətəndaşlıqdan imtina ilə vətəndaş hüquqlarını tələb etmək isə heç cür anlaşılan məsələ deyil.

Bütün Azərbaycanın ürəyi Şuşa-Xankəndi yolunda döyündüyü, dünyanın aparıcı qüvvələrinin məhz bu vətəndaş aksiyası sayəsində Azərbaycana minnətçi düşdüyü bir zamanda axı kimin marağında ola bilər ki, hadisələrin episentrini fəvvarələr meydanına daşımağa çalışsın? Həmən qüvvələr ki, qərbdən ölkəmizdə korrupsiya və şəffaflıq məsələlərinə görə sanksiyaların qəbuluna çalışdılar, görəndə ki, bu məsələ alınmır, yenidən insan haqları və siyasi məhbuslar məsələsini qabartmağa çalışırlar. Xankəndidə haylar mitinq keçirməyə cəhd edərək “humanitar blokada” adı altında Azərbaycana təzyiqləri artırmağa çalışdığı bir dönəmdə məkanı yalnız fəvvarələr meydanı olanlar niyə məhz indi beynəlxalq ictimayyətin diqqətini bu məsələyə yönəldirlər. Bütün bu paralellərin əlbəttə ki, bir səbəbi var.
Şuşa-Xankəndi yolunda humanitar hərəkətliliyin təmin olunmasını görən dünya erməniliyi indiki məqamda, Rusiyanın vasitəçiliyi ilə sülh müqaviləsinin əsas elementlərinin hazırlanması ətrafında gedən danışıqları pozmaq və Azərbaycana insan haqları və siyasi məhbuslar məsələsində təzyiqləri artırmaq, Qarabağdakı erməni qanunsuzluqları ilə bağlı Azərbaycanın haqlı tələblərini ikinci plana keçirmək üçün siyasi tələbləri ortaya atmağa başlayıblar. Bu aksiyanın bir məqsədi var, Azərbaycana mümkün olan beynəlxalq təzyiqlərin artırılması və təəssüf ki, barmaqla sayılacaq sayda bir iki şəxs bu təzyiqlərin alətinə çevrilib.

Azərbaycan Prezidenti İlham Əliyevin son geosiyasi gedişləri, Avropa Komissiyası və Şərqi Avropa ölkələri ilə bu il imzalanan iki uğurlu saziş Azərbaycanın enerji təhlükəsizliyi məsələsində mühüm aktora çevirmişdir. Təbii ki, bu məsələ Azərbaycana münasibətdə, xüsusən Ermənistan-Azərbaycan normallaşması prosesində əhəmiyyətli yer tutur. Enerji məsələsinə görə Azərbaycanın qərbdə çəkisi getdikcə artmaqdadır və illərdir Qərbin Qarabağ məsələsində bizə qarşı formalaşan qərəzli yanaşmasını uğurla neytrallaşdırır. Azərbaycanın həm Avropa İttifaqı ilə qurduğu uğurlu əlaqələr, həm qərb, eləcə də Rusiyanın vasitəçiliyi ilə baş tutan danışıqlar masasında Ermənistanı küncə sıxışdırması yenidən siyasi məhbuslar və insan haqları məsələsinin gündəmə gəlməsinə əsas yaratdı. Bu Nikol Paşinyan hakimiyyətinin son illər beynəlxalq təşkilatlarda apardığı təbliğatdır və Ermənistanı dünyaya demoktatik, Azərbaycanı isə insan hüquqlarının pozulduğu bir ölkə kimi təqdim etməklə Qarabağ ermənilərinin Azərbaycanın tərkibində yaşamasının mümkün olmadığı tezisini irəli sürürdü.

Görün vəziyyət nə yerə gəlib çatıb ki, biz, Azərbaycanın vətəndaş cəmiyyəti və ictimai fəalları Şuşa-Laçın yolunda vardanyanların girovuna çevrilmiş erməni əsilli vətəndaşlarımızın hüquqlarının qorunması üçün beynəlxalq təşkilatlara müraciət etmək istədiyimiz halda, “fəvvarə etirazçıları” beynəlxalq təşkilatlardan belə bir həssas məqamda siyasi məhbuslar və insan haqları məsələsini yenidən qabartmağa çalışırlar.

Aydın məsələdir ki, bu gün Azərbaycanda heç bir siyasi məhbus yoxdur, bu insanlar siyasi fikirlərinə görə azaddır və bu gün geniş auditoriyanın izlədiyi sosial şəbəkələr və sosial mediada siyasi fikirlərini sərbəst və istədiyi formada ifadə edirlər. Sadəcə bu insanlar asayişi pozmaqla və mümkün olan bütün vasitələrlə qanunu zorlamağa çalışaraq özlərinə siyasi məhbus adı verdirməyə çalışırlar.

Əzizlərim! Yuxarıda qeyd etdiyim kimi ünvanı bilərəkdən və ya bilərəkdən səhv salırsız, fəvvarələr meydanı siyasət meydanı deyil, istirahət meydanıdır. Əsl vətəndaş etirazı isə Şuşa-Xankəndi yolunda 13-cü gündür ki, davam edir!

Vüqar Əhmədov-politoloq
Xəbəri paylaş