Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezident İlham Əliyevin uğurlu fəaliyyəti xalqımızın maraqları naminə hesablanıb

Prezident İlham Əliyevin uğurlu fəaliyyəti xalqımızın maraqları naminə hesablanıb


Bu gün möhtərəm Sədr, Prezident İlham Əliyevin doğum günüdür. Cənab Ali Baş Komandanın həyat yoluna nəzər salaq : Xalqları dünyada məşhurlaşdıran yalnız onların zəngin təbii sərvətləri və maddi mədəniyyət inciləri deyil, həm də dünya siyasətində mühüm rol oynayan fenomen şəxsiyyətləridir. Məhz belə fenomen şəxsiyyətlərin müəyyənləşdirdiyi yol hər bir millətin strateji inkişaf konsepsiyasına çevrilməklə onun dünya arenasında özünə layiqli yer tutmasını təmin edir.

Əsası dahi lider Heydər Əliyev tərəfindən qoyulmuş daxili sabitlik , balanslı xarici siyasət kursu, iqtisadi dirçəliş Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bəli, Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və qalib gəlir. Azərbaycan xalqının iradəsini ifadə edən İlham Əliyev müstəqil Azərbaycanın prezidenti, həm də dünya azərbaycanlılarının lideridir.

Azərbaycanın yeni prezidenti İlham Əliyev bütün dünya tərəfindən qəbul olunan görkəmli və müasir dövlət xadimidir. O doğma Azərbaycanda böyük hörmətə və nüfuza malikdir. İndi Azərbaycan prezidentinin siyasi portreti bütün dünyada məşhurdur. “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” deyən Heydər Əliyevin xalqımıza özünün layiqli davamçısı kimi təqdim etdiyi İlham Əliyevin 15 illik prezidentlik fəaliyyətinin qısa təhlili belə bu fikrin təxmin deyil, qəti qənaət olduğunu sübut edir. Ümummilli Liderin müəyyən etdiyi strategiyanı ötən müddətdə uğurla həyata keçirən və yeni dövrün ruhuna uyğun zənginləşdirən Prezident İlham Əliyevin ölkəyə rəhbərlik fəaliyyətini diqqətlə nəzərdən keçirdikdə onun dövrün çağırışlarına çevik reaksiya verən, yüksək idarəetmə bacarığına malik, xalqına və dövlətinə qəlbən bağlı lider olduğu bir daha təsdiqini tapır. . O, peşəkar siyasətçidir. Belə ki, 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirmişdir. Orada elmi-pedaqoji fəaliyyətə başlamış (1982), aspirant, müəllim olmuşdur. Tarix elmləri namizədidir (1985). 1991-ci ildən Moskvada "Oriyent" şirkətinin baş direktoru işləmiş, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xarici iqtisadi əlaqələr üzrə vitse-prezidenti (1994-cü ildən) və birinci vitse-prezidenti (1997-ci ildən), Azərbaycan Respublikasının baş naziri (2003) vəzifəsində çalışmışdır. Azərbaycan dövlətçiliyinin qorunub saxlanılması və yeni Azərbaycanın qurulmasında Heydər Əliyevin ən yaxın silahdaşı olmuşdur.

İlham Əliyev Azərbaycan Respublikası Milli Məclisinin (1-2-ci çağırış) deputatı olmuş, AŞPA-da Azərbaycan Parlamenti daimi nümayəndə heyətinin başçısı və AŞPA-nın vitse-spikeri və Büro üzvü vəzifələrində səmərəli fəaliyyət göstərmişdir. Azərbaycan xalqı qarşısındakı xidmətləri nəzərə alınaraq İlham Əliyev 2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri təyin olunmuşdur. O, 2003-cü ilin Prezident seçkilərində parlaq qələbə qazanaraq xalqın iradəsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 faiz səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib.

2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə isə seçicilərin 84,54 faiz səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə də İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. Azərbaycan, rus, ingilis, fransız və türk dillərini bilir.

Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan Respublikası bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə seçilir, ona hörmət və ehtiramla yanaşırlar. Prezident İlham Əliyev yeni əsrin yeni lideri olaraq Azərbaycanı inamla irəli aparır. Onun hakimiyyət illəri ölkənin dinamik inkişafı, sürətlə modernləşməsi, dünyada nüfuz və söz sahibinə çevrilməsi ilə səciyyəvidir. Prezident İlham Əliyev düşünülmüş islahatları və müdrik qərarları ilə həyatımıza yeni nəfəs gətirib, Azərbaycanı dünyanın inkişaf edən ölkələri sırasına çıxarıb. Onun siyasətinin mərkəzində insan amili dayanır, amalı qurub-yaratmaq, xalqını daha xoş günə, daha firavan həyata qovuşdurmaqdır. Xalqa xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq onun həyat fəlsəfəsidir.

Prezident İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti nəticəsində ölkə iqtisadiyyatı sürətli və dinamik inkişaf dövrünə qədəm qoydu. Belə ki, dünyada ən sürətli templərlə inkişaf edən Azərbaycanın iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə artdı, qeyri-neft ixracı 4,1 dəfə çoxaldı. Azərbaycanın valyuta ehtiyatları 1,8 milyard dollardan 46 milyard dollara çatdırıldı. 2003-2018-ci illərdə ölkə iqtisadiyyatına 250 milyard dollar investisiya qoyuldu. Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə dünya miqyasında 35-ci, ümumi infrastrukturun inkişafına görə isə 26-cı yerdə qərarlaşdı. Forumun “İnklüziv inkişaf indeksi” adlı illik hesabatında Azərbaycan inkişaf etməkdə olan 80 ölkə arasında 3-cü yerə yüksəldi. Dünya Bankı tərəfindən yayılan “Doing Business 2019” hesabatında Azərbaycan 10 ən islahatçı dövlət siyahısına daxil edilərək ən çox islahat aparan ölkə elan olundu. Həmçinin aqrar-sənaye kompleksində islahatlar genişləndi, ölkədə güclü sahibkarlar sinfi formalaşdı. İlham Əliyevin islahatları sosial həyatımıza şəffaflıq gətirdi, bürokratik maneələri aradan qaldırdı. “Şəffaflıq hər bir ölkənin gələcəyini müəyyən edən məsələdir. Çünki şəffaflıq olmadan biz heç bir islahatı apara bilmərik və nə iqtisadi, nə siyasi cəhətdən ölkə sürətlə inkişaf edə bilməz”, – deyən Prezident İlham Əliyev dövlət strukturlarının fəaliyyətinin təkmilləşdirilməsi və şəffaflığın artırılması, vətəndaşlarla dövlət strukturları arasında bürokratik maneələrin aradan qaldırılması üçün aparılan islahatlar çərçivəsində innovativ addım atdı – Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini yaratdı. Cənab Prezidentin təşəbbüsü ilə “ASAN xidmət” mərkəzləri yaradıldı, bununla da dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsi, daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilən elektron xidmətlərə keçidin sürətləndirilməsi təmin olundu. Təsadüfi deyil ki, Azərbaycan brendi olan “ASAN xidmət” dünyada böyük maraq doğurub və bu təcrübə bir sıra ölkələr tərəfindən öyrənilir.

Prezident İlham Əliyevin ölkəmizin müstəqillik dayaqlarını möhkəmləndirməklə bağlı fəaliyyəti daha çox xarici siyasətdə özünü göstərdi. İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq nüfuzu daha da artdı. Ölkəmizin dostlarının sayı çoxaldı, bizimlə müttəfiqlik etmək istəyən ölkələrin sırasına yeniləri əlavə olundu. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanındı və qəbul edildi. İlham Əliyevin müəyyənləşdirdiyi hücum diplomatiyası nəticəsində erməni təbliğatı və erməni lobbisinin yaratdığı mif məhv edildi. Dağlıq Qarabağ probleminin mahiyyəti, Azərbaycan haqqında həqiqətlər bütün dünyaya yayıldı , dünya birliyi Xocalı soyqırımını tanımağa və pisləməyə başladı.

Prezident İlham Əliyevin rəhbərliyi altında regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunan dövlət proqramları şəhərlə kənd arasında fərqi aradan qaldırdı. Bu gün Azərbaycanın regionları bütün zəruri infrastrukturla təmin olunub və Avropanın şəhər və kəndlərindən heç də geri qalmır. Belə ki, Prezidentin tapşırığına əsasən Azərbaycan başdan-başa qazlaşdırılır, kəndlərə içməli su xətləri çəkilir, yeni yollar salınır və ya əsaslı təmir olunur.
Müharibə şəraitində yaşayan, torpaqları işğal altında olan ölkə üçün ordu quruculuğu həyati əhəmiyyətə malik məsələlərdən biridir. Bunu nəzərə alan Prezident, Ali Baş Komandan İlham Əliyev hakimiyyətinin ilk illərindən müasir silahlarla təchiz olunan, yüksək döyüş qabiliyyətinə malik ordu yaradılması istiqamətində davamlı və qətiyyətli iş aparır.

Bu gün Azərbaycanda dünya miqyasında ən güclü ordulardan biri formalaşıb və bu ordu işğal altındakı torpaqlarımızı düşməndən azad etməyə qadirdir.

Vaxtilə bütün silahları xaricdən alırdıqsa, indi Azərbaycan özü müasir silah və texnika istehsal edir. 2005-ci ildə yaradılmış Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində 1200 adda hərbi təyinatlı məhsul istehsal edilir. Beynəlxalq reytinqlərə görə, Azərbaycanın Silahlı Qüvvələri hazırda dünyada ən güclü 50 ordu sırasında yer tutur.

Prezident İlham Əliyev hakimiyyətə gəldiyi gündən onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Əhalinin rifahının yaxşılaşdırılması, sosial problemlərin həlli, insanların müasir səhiyyə xidmətləri ilə təmin olunması istiqamətində ardıcıl addımlar atılır. Son 15 ildə ölkədə minlərə məktəb binası tikildi və ya yenidən quruldu, geniş bazaya malik təhsil infrastrukturu yaradıldı, dörd mindən çox məktəb kompüter avadanlığı ilə təmin edildi.
Bundan başqa bu gün təkcə paytaxtda deyil, bölgələrdə də müasir və ən qabaqcıl tibb avadanlığı ilə təchiz olunmuş müalicə-diaqnostika mərkəzləri, xəstəxanalar tikildi, mövcud səhiyyə ocaqları əsaslı şəkildə yenidən quruldu, bölgə sakinləri birbaşa yerlərdə müalicə olunmaq imkanı qazandı.

Azərbaycan idman sahəsində də sürətlə inkişaf edir. Ulu öndər Heydər Əliyev deyirdi ki, heç bir fəaliyyət ölkəni dünyada idman qədər tanıda bilməz. Bu ideyanı rəhbər tutan Prezident İlham Əliyev ötən müddətdə Azərbaycanı idman ölkəsinə çevirdi. Belə ki, bütün ölkə ərazisində Olimpiya mərkəzləri, müasir idman infrastrukturu yaradıldı, idmançılara diqqət və qayğı artırıldı. İlk Avropa oyunlarının keçirilməsi Azərbaycana həvalə olundu. Azərbaycan 42-ci Dünya Şahmat Olimpiadasına, qadınlar arasında voleybol üzrə Avropa çempionatına, IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etdi. Ölkəmizin idman sahəsində uğurlarını saymaqla bitməz. Bütün bunlar dövlət başçımızın uzaqgörən siyasəti və liderlik fəaliyyətinin uğurla icra olunduğunun göstəricisidir.

Prezident İlham Əliyevin milli mənəvi dəyərlərimizə, müxtəlif dinlərə və sivilizasiyalara hörmətlə yanaşması, ölkədə güclü tolerantlıq ənənələrinin daha da möhkəmləndirilməsi Azərbaycanı nəinki regionda, bütövlükdə dünyada multikulturalizmin, dinlərarası və mədəniyyətlərarası dialoqun əsas mərkəzlərindən birinə çevirdi.
Bu gün multikulturalizm Azərbaycanın dövlət siyasəti və həyat tərzidir. Tolerantlığın Azərbaycan modeli dünyada ən mükəmməl nümunədir və BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakıda keçirilməsi bunu təsdiqləyir.

Prezident İlham Əliyevin mədəniyyət konsepsiyası Heydər Əliyev Fondunun layihələri ilə daha da dolğunlaşıb, ölkəmizin dünyada təbliğinə geniş imkanlar açıb. Bu siyasətin həyata keçirilməsinə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva dəyərli töhfələr verir. Fondun həyata keçirdiyi layihələr sayəsində indi Azərbaycanı dünyada daha yaxşı tanıyırlar. Azərbaycan mədəniyyətinin sorağı hazırda böyük səhnələrdən gəlir.

Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoydu. Beləliklə, düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu” mifi 44 gün ərzində bütün dünyanın gözü qarşısında fiaskoya uğradı, Ermənistan ordusu darmadağın edildi və “Dəmir yumruq” əməliyyatı Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı. Prezident İlham Əliyev hərbi sahədə olduğu kimi diplomatik və informasiya savaşı cəbhəsində də misilsiz rəşadət göstərmiş, Azərbaycana qarşı informasiya blokadasını yarmış, müharibənin gedişində və müharibədən sonra onlarla aparıcı xarici KİV-ə müsahibələr vermişdir. Geniş dünyagörüşünə, dərin və hərtərəfli biliyə, yüksək mədəniyyətə malik olan Ali Baş Komandan İlham Əliyev müharibə dövründə onlarla müsahibələr vermiş, bəzi ermənipərəst jurnalistlərin təxribat dolu suallarına; tarixi faktlar və dəlillərlə cavablandırmışdır.
Müzəffər Ali Baş Komandanın müharibə ilə bağlı 30-dan artıq müsahibəsi XXI əsr üçün yeni üslub, yeni model nitq strategiyası hesab edilə bilər. Müsahibələri real mübarizə və silah üsuluna çevirən Azərbaycan Prezidenti bu müharibədə də qalib gəldi. Müzəffər Ali Baş Komandan İlham Əliyev tarixi dəyişən, yeni reallıqlar yaradan sərkərdə kimi öz adını xalqımızın tarixinə qızıl hərflərlə yazdı. Azərbaycan xalqı İlham Əliyevə inanır, onun daha xoşbəxt gələcək vəd edən daxili və xarici siyasətini hamılıqla dəstəkləyir. Bu günümüzün daha bir reallığı isə ondan ibarətdir ki, Azərbaycan sürətli inkişaf yolunda inamla irəliləyir, onu qarşıda daha möhtəşəm uğurlar gözləyir.

Zəfər Yürüşünün Ali Baş Komandanı, Azərbaycan Respublikasının və bütün dünya azərbaycanlılarının prezidenti, Müzəffər Sərkərdə İlham Əliyevi doğum günü münasibətilə Azərbaycan Respublikasının vətəndaşı və Azərbaycan gəncliyinin nümayəndəsi kimi səmimi qəlbdən təbrik edir, cənab Prezidentimizə gələcək fəaliyyətində uğurlar arzulayırıq.

Məmmədova Lalə
YAP Yevlax rayon təşkilatının fəalı,
Xəbəri paylaş