Bu gün nə sayımız, nə ərazimiz bizə böyük dövlətlər siyahısına düşməyə imkan vermir. Amma dünya nəhənglərini qarşımıza alıb cəmi 44 günə 30 il möhkəmlənmiş işğal faktoruna son qoya bilmişik. Təbii ki, İlham Əliyevin sayəsində. Yəni, əhali sayımızın, ərazimizin bizə verə bilmədiyi üstünlüyü liderimizin vizyonu hesabına təmin edə bilmişik.
Beləliklə, 102 il əvvəl öz müstəqilliyini tanıdıb qoruya bilməyən, 30 il əvvəl isə parçalanmaqda olan Azərbaycan bu gün faktiki olaraq Orta Asiyanın, Şərqi və Cənubi Avropanın, Balkanların enerji təhlükəsizliyinin, dolayısı ilə milli təhlükəsizliyinin qarantına çevrilib.
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov səsləndirib. Millət vəkili bildirib ki, biz bu reallığı görməliyik:
"Böyük reallıqlar yaradan dövlətin vətəndaşı olmaqdan qürur duymalıyıq və başa düşməliyik ki, bu, tarixi proseslərin təbii axarı deyil. Bu reallığı Siz yaratmısız, cənab Prezident. 20 il, hətta 30 il əvvəl sıravi azərbaycanlının yuxuda belə görə bilməyəcəyi bir gerçəklik formalaşdırmısız. Qarabağ, Şərqi Zəngəzur boyda bir şah əsəriniz var, hücum siyasəti doktrinanız milli ruhun, milli məfkurənin təməlinə çevrilib. Məhz bu və digər çoxsaylı faktorlara görə hakimiyyətin mənbəyi olan Azərbaycan Xalqı daim Sizinlədir! Doğum gününüz mübarək, möhtərəm Prezident!
Allah Sizi, ailənizi və Azərbaycanı qorusun!"