"Təəssüf doğuran haldır ki, bəzi KİV-lər indiki dövrdə mətbuatın üzərinə düşən böyük missiyanı unudaraq ölkədəki əlverişli demokratik mühitdən sui-istifadə edirlər. Son vaxtlar belə hallara ayrı-ayrı KİV-lərdə daha tez-tez rast gəlinir".
Bu fikirləri Newscenter.az-a hüquqşünas Əli İbrahimov səsləndirib. O bildirib ki, internet media orqanlarında müxtəlif dövlət strukturları, onların rəhbərləri və əməkdaşları haqqında həqiqətə uyğun olmayan, əsassız, qərəzli, hətta şantaj xarakterli çoxsaylı məlumatlar yayılır:
"Vəzifəli şəxslər barəsində qərəzli məlumatlar məqsədli şəkildə dövriyyəyə buraxılır. Əminliklə demək olar ki, belə məlumatlar yayan KİV-lər bununla öz tirajlarını artırmağa və mənfəət əldə etməyə çalışırlar. Ayrı-ayrı KİV-lərin qanuna zidd fəaliyyəti hüquqi məsuliyyət yaradır. Yuxarıda qeyd olunanların fonunda KİV təmsilçilərinin hüquqi məsuliyyəti də xüsusi aktuallıq kəsb edir".
Hüquqşünas qeyd edir ki bəzi hallarda aparıcı KİV-lər də dezinformasiyaları tirajlayaraq öz oxucularını çaşdırırlar:
"Sosial şəbəkələrdə və məqsədli şəkildə fəaliyyət göstərən internet saytlarında yerləşdirilmiş yalan məlumatlar yoxlanılmadan, həqiqiliyi araşdırılmadan həmin ciddi media orqanlarının səhifələrinə yerləşdirilir. Nəzərə almaq lazımdır ki, mövcud hal dövlət orqanlarının nüfuzuna xələl gətirir, onların iş rejiminin pozulmasına, cəmiyyətdə çaşqınlıq yaranmasına səbəb olur və ümumilikdə, Azərbaycan dövlətinin imicinə mənfi təsir göstərir. Heç bir halda yol vermək olmaz ki, mətbuatımızda belə hallar mütəmadi olaraq təkrarlansın və KİV-lərdə yalan, qərəzli informasiyaların yayılması halları ciddi şəkildə araşdırılsın və belə hallara ciddi münasibət sərgilənsin".
Anar