Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinə (BQXK) məxsus avtomobillərin müşayiəti ilə Xankəndindən Ermənistana müalicə üçün 2 xəstə aparılıb.
Newscenter.az xəbər verir ki, “Report”un aksiya keçirilən ərazidə olan əməkdaşının əldə etdiyi məlumata görə, Beynəlxalq Qırmızı Xaç Komitəsindən daxil olmuş müraciətdə dekabrın 25-də saat 08:30-da Edita Osipyan (kəskin diabet və ürək xəstəliyi), İrina Viktorovna Avetisyan (xərçəng) və onun həyat yoldaşı - Davit Avetisyan, oğlu Arthur Davidoviç Avetisyan komitənin əməkdaşlarının müşayiəti ilə 3 ədəd komitəyə məxsus minik avtomobili ilə Xankəndindən Ermənistana keçidinə və həmin gün geriyə Xankəndinə qayıtmalarına icazə verilməsi xahiş olunub.
Müraciətdə bildirilib ki, geri qayıdarkən yük maşını qida (uşaq qidası) və dərman/tibbi ləvazimatlar daşıyacaq. Yük Xankəndi xəstəxanasına çatdırılacaq.
Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.
Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 14 gündür davam edir.
Belə ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.