Bu günlərdə Xankəndidə keçirilmiş mitinqdə iştirak edən adamların sayının təqribən 1000 civarında olması, təbiidir. İlk növbədə, ona görə ki, Qarabağda cəmi 25-30 min adam yaşayır, - 120 min rəqəmi erməni təbliğatının və Qarabağda mövcudluğunu qorumaq istəyən Rusiya sülhməramlılarının yalan məlumatlarıdır. İkincisi, Qarabağ ermənilərinin əksəriyyəti müharibədən sonra yaranmış reallıqlarla barışıblar. Sadəcə, özünü qondarma respublikanın “dövlət naziri” adlandıran Ruben Vardanyanın və terrorçuların rəhbəri Araik Arutyunyanın sərt rejimindən çəkinən ermənilər çaşqınlıq vəziyyətindədirlər.
Newscenter.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev söyləyib.
Deputat qeyd edib ki, son günlər, barışdırıcı mövqedən çıxış edən ermənilərə qarşı aqressiv davranışlar müşahidə olunur, cəzalandırılırlar: “Hiss olunur ki, Qarabağ erməniləri qarşıdurmadan beziblər və əksəriyyəti başa düşür ki, böyük dövlətlərin əlində alət kimi istifadə olunmaqdadırlar. Ona görə də, gələcəklərini Azərbaycanın tərkibində görürlər. Dünənki mitinqdə insanların iştirakdan yayınmaları, bunu təsdiq etmiş oldu. Düşünürəm ki, xarici və daxili destruktiv qüvvələrin təsiri olmasa, yaxın zamanlarda yerli ermənilərlə münasibətlərin normallaşmasına nail olmaq mümkündür”.
“Bir məsələni də məxsusi olaraq qeyd etmək istərdim. Hazırda baş verənlər bir daha göstərir ki, ermənilər ötən əsrin 80-ci illərində qalmışlar. Yenidən “Miatsum” kimi sarsaq ideyalarla yaşayırlar. Azərbaycan isə əksinə, toparlandı, gücləndi, torpaqlarını azad etdi və hazırda günü-gündən inkişaf edir. Fərq budur. XXI əsrdə yalanlarla, heç bir tarixi faktlara söykənməyən saxta ideyalarla dövlət qurmaq olmaz. Erməni xalqı isə, saxta siyasətçilərin uydurduğu saxta tarixin və ondan öz maraqları üçün istifadə edən qlobal güclərin girovuna çevrilib. Regionda dayanıqlı sülhün bərqərar olması, erməni xalqının saxta iddialardan imtina etmələrindən keçir”, - deyə N.Məhəməliyev əlavə edib.