Qərbi Azərbaycandan olan soydaşlarımızın taleyində yeni dönəm başlayır. Prezident İlham Əliyevin öz ad gününü Qərbi Azərbaycan İcmasının yeni inzibati binasının açılışını etməklə və əslən Qərbi Azərbaycandan olan ziyalılarla görüşməklə keçirməsini, onun bu görüşdə çıxışı zamanı düşmənlərimizə önəmli mesajlar verməsini bu yeni dönəmin startı hesab etmək olar.
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov səsləndirib. MHP sədri bildirib ki, 34-35 il öncə soydaşlarımızın hazırkı Ermənistandan sonuncu deportasiyası ilə qapanmış tarixi torpaqlarımızda yaşamaq haqqımız yenidən gündəmə gəlir və aktuallıq qazanmağa başlayır:
"Prezident bu görüşdə Qərbi Azərbaycana Qayıdış konsepsiyasından danışmaqla bu torpaqlara, tarixi yurd yerlərimizə qayıdışın anonsunu verdi. Bəli, bu nəinki Qərbi Azərbaycandan olan soydaşlarımız üçün, bütün xalqımız üçün tarixi hadisə sayıla bilər. Qarabağın işğaldan azad edilməsindən sonra indi yeni ümummilli hədəfimiz cızılır. Yeni hədəfimiz Qərbi Azərbaycana qayıdışdır!".
Partiya sədrinin sözlərinə görə, Qərbi azərbaycanlıların hüquqları bərpa edilməlidir:
"Bu birmənalıdır. Dövlət başçımız da çıxışında qeyd etdi ki, Qərbi azərbaycanlılar qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmış toplumdur. Onların hüquqları bərpa edilməli və onlar öz doğma torpaqlarına qayıtmalıdırlar. Biz bu məsələni gündəmə gətirib dünya birliyinin diqqətinə çatdırmaqla həm gün-gündən azğınlaşmaqda olan, revanşizmə can atan erməniləri, həm də onlara havadarlıq edən dünya güclərini fakt qarşısında qoyacayıq".
Əlisahib Hüseynov qeyd edib ki, dünya əsl həqiqətləri bilməlidir:
"Dünya siyasətinə təsir etmək imkanına malik olan güclər bu həqiqətləri ermənilərin dezinformasiyalarından, uydurmalarından yox, məhz bizim təqdimatımız əsasında öyrənməlidirlər. Vaxtilə Qarabağ həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırdığımız kimi, Qərbi azərbaycanlıların başlarına gətirilən müsibətləri də hər kəsin diqqətinə çatdırmalıyıq. Bununçün istər Azərbaycanın özündə, istərsə də xarici ölkələrdə müxtəlif tədbirlər, aksiyalar, sərgilər, təqdimatlar, elmi konfranslar keçirilməlidir, xarici ölkələrin siyasi dairələri ilə, dünya KİV-i ilə təmaslar qurulmalıdır. Biz də Milli Həmrəylik Partiyası olaraq bu haqq savaşına qoşulacaq, Qərbi Azərbaycandan olan soydaşlarımızın hüquqlarının bərpası üçün əlimizdən gələni edəcəyik".
Mehman