Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən yol infrastrukturu layihələrindən biri də Neftçala rayonunda Neftçala-Kürkənd-2 N-li Mayak avtomobil yolunun yenidən qurulmasıdır.
Newscenter.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, Neftçalanın 3 yaşayış məntəqəsini əhatə edən Neftçala-Kürkənd-2 N-li Mayak marşrutu üzrə 19 km uzunluğa malik avtomobil yolu uzun müddət idi ki, istismar olunmasına baxmayaraq əsaslı şəkildə təmir edilmirdi. Bu üzdən mövcud örtükdə artıq deformasiyalar yaranmışdı.
Bu isə normal hərəkətin təşkili üçün problemlərə səbəb olurdu. Artıq bütün bunlar Agentliyin gördüyü təxirəsalmaz tədbirlərlə geridə qalıb.
Belə ki, avtomobil yolu 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub. Bunun üçün yolboyu torpaq, qazma, yolun profilə salınması işləri görülüb. Yol yatağı hazır olan hissələrdə isə normativ qalınlıqda yol əsasının alt və üst layının tikintisi işləri aparılıb. Yolun torpaq yatağının eni 10, hərəkət hissəsi isə 6 metrdir.
Mövcud borular yararsız vəziyyətdə olduğu üçün “İnşaat Norma və Qaydaları”na əsasən yolboyu suların ötürülməsini təmin etmək məqsədi ilə yenilərinin quraşdırılması, boru başlıqlarının tikilməsi işləri də görülüb. Texnoloji ardıcıllığa uyğun olaraq daha sonra yola yeni asfalt-beton örtüyünün döşənməsi icra olunub.
Tikinti işlərinin sonunda hərəkətin normal təşkili üçün yol nişanları, km göstəriciləri quraşdırılıb, üfüqi nişanlanma xətləri çəkilib.
Layihə üzrə sadalanan işlərin icrası ilə yolboyu müasir infrastruktur yaradılıb. Bu isə 3 yaşayış məntəqəsinin 20 mindən artıq əhalisinin rahat gediş-gəlişinə səbəb olub, yük və sərnişin daşıması asanlaşıb.
Sevinc