Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Artıq ikinci ildir ki, müzəffər xalq kimi yaşayırıq

Artıq ikinci ildir ki, müzəffər xalq kimi yaşayırıq


Artıq ikinci ildir ki, Azərbaycan xalqı möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandanımız İlham Əliyevin mahir sərkərdəliyi ilə, şəhidlərimizin canı, qazilərimizin qanı, sarsılmaz xalq–iqtidar birliyi hesabına qazandığımız böyük Qələbənin, tarixi Zəfərin qürurunu yaşayır. 2020-ci ilə qədər adi təqvim günlərindən biri olan 8 Noyabr 2 il öncə xalqımızın minilliklərə gedib çıxan tarixinə böyük və parlaq hərflərlə əbədi həkk olundu. 8 Noyabr miqyasına və əhəmiyyətinə görə yalnız Azərbaycanın deyil, bütünlüklə, Türk dünyasının son iki yüz il ərzində qazandığı ən böyük tarixi Zəfər hesab olunur.

Qədirbilən xalqımız möhtəşəmliyini, əhəmiyyətini, hər birimizin taleyindəki həlledici rolunu adi sözlərin ifadə edə bilməyəcəyi bu günü ölkəmiz tarixi qələbənin ildönümünü olaraq qeyd etdi.Təbii qələbəmizi ulu öndər Heydər Əliyevin ölməz xatirəsinə, şəhidlərimizin ruhuna və qazilərimizin hünərinə böyük ehtiram, tarixi Zəfərin lideri müzəffər Ali Baş Komandanımıza sonsuz minnətdarlıq hissləri ifadə edərək yasayırıq.

Ulu öndərimizin siyasi kursunu qətiyyətlə davam və inkişaf etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin uğurlu siyasəti, müdrik qərarları sayəsində son 20 ildə Azərbaycan qüdrətli bir dövlətə çevrildi, ölkəmiz, müzəffər xalqımız tariximizin heç bir mərhələsində görünməyən uğurlara imza atdı. Hər zaman xalqın dəstəyinə arxalanan, ondan güc alaraq müstəqil siyasət yürüdən Prezident ­İlham Əliyevin mahir idarəçilik təfəkkürü, fenomenal bacarıqları sayəsində ölkəmizin siyasi, iqtisadi, hərbi qüdrəti günbəgün artdı. Bütün bunlar, əlbəttə, çoxdan arzusunda olduğumuz tarixi zəfərimizi şərtləndirir və günü-gündən yaxınlaşdırdı. Nəhayət, 2020-ci ilin 27 sentyabrından başlayaraq 44 gün boyunca Zəfər salnaməmizin ən şanlı, ən parlaq səhifələri yazıldı.Müqəddəs yurdumuz – Qarabağımız azadlığına qovuşdu.Məhz bu tarixdən sonra regionda yeni geosiyasi reallıqlar yarandı. Vətən müharibəsini qalibiyyətlə başa vuran qüdrətli Azərbaycan öz şərtlərini diqtə edən və uğurla həyata keçirən ölkə kimi daha böyük imkanlar əldə etdi.

30 il işğal altında qalan ərazilərimizdə qələbədən sonra miqyası heç bir ölçüyə sığmayan layihələr həyata keçirilir. Torpaqlarımıza yeni nəfəs gəlir, keçmiş məcburi köçkünlərin uzun illər boyunca məşəqqətlə keçən həyatlarında yeni ab-hava hökm sürür. Artıq şagirdlərimiz öz yurdlarında dərsə gedir, müəllimlərimiz doğma el-obalarında çalışmağın sonsuz qürurunu yaşayırlar. Bütün bunlar hər birimizin qəlbini fərəh və qürur hissləri ilə doldurur. Bu günlərdə Zəngilanın Ağalı kəndində möhtərəm Prezidentimiz, qalib sərkərdəmiz İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın erməni vandalizminin xarabaya çevirdiyi bir məkanda ən qısa müddətdə dünya standartları səviyyəsində tikilmiş məktəbi ziyarət etmələri, öz yurdlarında təhsil almağın nəhayətsiz xoşbəxtliyini yaşayan şagirdlərlə söhbətləri bütün dünyaya bir daha dövlətimizin, xalqımızın sülh mesajları kimi yayıldı.
Tarixi zəfərdən sonra azad edilmiş rayon və şəhərlərimizin baş planlarının təsdiqi, yaşayış məhəllələrinin təməlinin qoyulması insanların sabaha olan ümidlərini daha da artırır, keçmiş məcburi köçkünlərin illərlə həsrətində olduqları doğma yurd-yuvalarına əbədi qayıdışını günbəgün yaxınlaşdırır. Xüsusilə düşmənin xarabalığa çevirdiyi, heç bir infrastrukturun mövcud olmadığı ərazilərdə ən qısa zaman ərzində müasir dünya standartları səviyyəsində Füzuli Beynəlxalq Hava Limanının və Zəngilan Beynəlxalq Hava Limanının inşa edilib istifadəyə verilməsi, Laçın Beynəlxalq Hava Limanının təməlinin qoyulması Azərbaycan dövlətinin qüdrətini bir daha bütün dünyaya nümayiş etdirir.

Bu gün düşmən ölkənin xaincəsinə davam edən hərbi və siyasi təxribatlarına baxmayaraq, Azərbaycan dövləti, onun başçısı humanist, sülhsevər mövqeyi, konstruktiv siyasəti ilə seçilir, bölgədə əbədi sülhə, inkişafa və rifaha nail olmaq üçün ardıcıl səylərini davam etdirir. Bütün danışıqlar prosesində sülhsevər mövqeyini qətiyyətlə ortaya qoyan Azərbaycan lideri təmkinlə, səbrlə və məğrurluqla müzəffər xalqımızın maraqlarını ifadə edir. Son dövrlər Avropa İttifaqının təşəbbüsü və vasitəçiliyi ilə keçirilən görüşlərin hər birində sülh müqaviləsinin imzalanaması üçün Azərbaycanın təqdim etdiyi 5 şərt ədalətli prinsiplər kimi qəbul olunur, təkliflərimiz dövlətimizin konstruktiv mövqeyinin ifadəsi kimi səslənir. Azərbaycan sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin həyata keçirlməsinə, bununla da bölgədə əbədi sülhün əldə edilməsinə hər zaman hazır olduğunu ifadə edir.

Bütün bunlar qüdrətli Azərbaycanın parlaq gələcəyindən xəbər verir. Xoşbəxt xalqıq ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə zəfər tariximiz davam edir, hər gün bu tarixin yeni səhifələri yazılır.
Qələbələr silsiləmiz bitməsin!

Könül Əskərova-Xaçmaz rayon, Heydər Əliyev Mərkəzinin direktoru
Xəbəri paylaş