24 dekabr tarixində Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüşdə bir çox vacib məqamlara toxundu. O qeyd etdi ki, gün gələcək Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Necə ki, bu gün Zəngilan rayonunun Ağalı kəndində yaşayan insanların böyük əksəriyyəti, eyni zamanda, uşaqlar, gənclər onlar üçün doğma olan torpaqlar geri dönüblər. Heç şübhəsiz ki, onları oraya getməyə vadar edən torpaq həsrəti və Vətən sevgisidir.
Prezident İlham Əliyev 11 il öncə öz ad günündə Ağcabədidə məcburi köçkünlərlə bir yerdə olarkən demişdi: “Gün gələcək, siz məni öz doğma diyarınızda qəbul edəcəksiniz, mən sizin diyarınıza qonaq gələcəyəm”. Həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində o gün gəldi, insanlarımız öz doğma yurdlarına qayıtdılar. Ona görə Qərbi azərbaycanlılar da heç vaxt inamı itirməməlidir. Gün gələcək, biz Qərbi Azərbaycanda bu günü xatırlayacağıq.
Tarixdən hər kəsə məlum olduğu kimi, Qərbi Azərbaycan bizim tarixi torpağımızdır. Vaxtilə türk dünyasının qədim və ayrılmaz diyarı olan Zəngəzur bölgəsi Azərbaycandan qoparılıb Ermənistana verilib.
Tarixi Azərbaycan torpaqları olan Qarabağ və Zəngəzura XIX əsrin əvvəllərindən başlayaraq erməni əhalisinin yerləşdirilməsi, 1920-ci illərdə sovet hakimiyyətinin qərarı ilə heç bir əsas olmadan tarixi diyarımız olan Qərbi Zəngəzurun Ermənistana verilməsi, 1948–1953-cü illərdə yüz minlərlə azərbaycanlının indiki Ermənistan ərazisindəki əzəli yurdlarından köçürülməsi xalqımıza qarşı erməni təcavüzünün qanlı səhifələridir. Bu, xalqımıza qarşı növbəti düşmənçilik və ədalətsizlik idi. Çünki Zəngəzurun şərqində də, qərbində də Azərbaycan xalqı əsrlər boyu yaşamışdır və indiki Ermənistan ərazisində olan Qərbi Zəngəzurun bütün toponimləri Azərbaycan xalqına məxsus idi.
Qərbi azərbaycanlılar qanunsuz olaraq dəfələrlə köçürülməyə məruz qalmışlar. Vaxt gələcək onların hüquqları bərpa ediləcək və onlar öz doğma torpaqlarına qayıdacaqlar. Əsas məsələ ondadır ki, biz inamımızı itirmirik. Biz Ali Baş Komandanımız İlham Əliyevin yürütdüyü siyasət nəticəsində buna nail olacağımıza əminik.
Ceyhun Məmmədov-Milli Məclisin deputatı