Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Jalə Əhmədova HESABAT VERDİ

Deputat Jalə Əhmədova HESABAT VERDİ


Milli Məclisin deputatı Jalə Əhmədova 2022-ci ildəki deputat fəaliyyəti ilə bağlı hesabat yayıb. Newscenter.az həmin hesabatı təqdim edir:


59 saylı Salyan seçki dairəsi üzrə VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olaraq mövcud qanunvericilik və vətəndaşların müraciətləri əsasında qurduğum fəaliyyətim barədə - 2022-ci il dövrünü əhatə edən məlumatları diqqətinizə təqdim edirəm.

Beləliklə, 2022-ci ildə Milli Məclisə daxil olmuş vətəndaş müraciətlərinin sayı 153 (yazılı), şifahi müraciətlərin sayı 206, baxılması üçün tərəfimizdən aidiyyəti orqanlara göndərilmiş məktubların sayı 154 olub. Əsasən sosial problemlər və işsizliyin üstünlük təşkil etdiyi müraciətlərin həlli istiqamətində onların aidiyyəti üzrə göndərilməsi ilə yanaşı, eyni zamanda tərəfimdən problemlərin şifahi həllinə də üstünlük verilib. Həlli səlahiyyətlərim xaricində olan müraciətlərin müəlliflərinə isə tövsiyə xarakterli cavab məktubları göndərilib.

Bununla yanaşı, Salyan rayonunda seçicilərlə keçirdiyim 11 görüş-qəbul zamanı 600 nəfərdən çox vətəndaşın müraciətini dinləmiş, problemlərinin müsbət həllinə çalışmış, ehtiyacı olanlara maddi yardım göstərmişəm. Təqdirəlayiqdir ki, vətəndaşların müraciətləri əsasında aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları qarşısında qaldırdığım məsələlərin bir çoxu artıq öz həllini tapmışdır. Belə ki, 59 saylı Salyan seçki dairəsində yerləşən kəndlərin 99 %-i artıq qazlaşdırılmış, rayonun Ərəbqardaşbəyli, Xocalı kəndlərinin yolları əsaslı şəkildə təmir olunaraq asfaltlanmış, Beştalı və Cəngan kəndlərində isə bu istiqamətdə işlər tamamlanmaq üzrədir. Ərəbqardaşbəyli kəndi, 59 saylı Salyan seçki dairəsinin ərazisində yerləşən və qazlaşdırılmayan sonuncu kənddir ki, bu istiqamətdə də işlərin ilin sonuna kimi yekunlaşdırılması nəzərdə tutulmuşdur.

Xüsusi minnətdarlıqla hissi ilə onu da qeyd edim ki, möhtərəm Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkə vətəndaşlarının rifahının daha da yüksəlməsi istiqamətində gördüyü bütün bu işlər və reallaşdırılan layihələr – ölkəmizdə yol infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər - regionlarda yol şəbəkəsinin yenidən qurulması, xüsusilə kənd yollarının əsaslı təmiri, təbii qaz problemi yaşayan kəndlərin qazlaşdırılması, həmçinin əhalinin dayanıqlı rabitə, yüksəksürətli internet və digər multimedia xidmətləri ilə təmin olunması istiqamətində dövlət rəhbərliyimizin yürütdüyü siyasətin, vətəndaşlarımıza göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

44 günlük Vətən müharibəsində öz qəhrəmanlıqları ilə tarix yazmış Vətən müharibəsi şəhidləri və qazilərin ailələri də daim diqqət mərkəzimdədir. Mütəmadi olaraq igidlərimizin ailələrini ziyarət edərək qayğıları ilə maraqlanmış, onların kommunal xərclərinin ödənilməsi, maddi yardımla təminatı, müayinə və müalicə olunması, reabilitasiya mərkəzlərinə göndərilməsi, mənzil təmiri, ev tikintisi və işlə təmin edilməsi məsələlərinin həllində müvafiq köməklik etmiş, həmçinin tərəfimdən vətəndaşların müxtəlif təyinatlı müraciətləri üzrə maddi və digər köməkliklər göstərilmişdir.

Ağır Atletika üzrə üç qat Avropa çempionu olmuş və müxtəlif beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil etmiş, yarış zamanı ağır zədə alaraq əlil olmuş idmançı, 23 yaşlı Rüstəm İmanzadənin sağalaraq ayağa qalxması üçün Türkiyədə keçdiyi reabilitasiya və müalicə kurslarının xərcləri qarşılanmaqdadır.

Milli Məclisin plenar və komitə iclaslarında, o cümlədən Büdcə zərfinin müzakirəsində seçiciləri narahat edən bir çox məsələləri səsləndirmişəm. Salyan şəhərində kanalizasiya sisteminin yoxluğunu, şəhərdə Mədəniyyət evi, Gənclər evinin olmamasını, idman meydançalarının yox səviyyəsində olduğunu qeyd etmişəm. Bildirmişəm ki, Salyanın kəndlərində mədəniyyət evləri, kitabxanalar, bağçalar tikilməlidir, bu həm də bölgədəki işsizliyə töhfə olardı. Kürqaraqaşlı kənd məktəbi əsaslı təmir olunmalı, Arbatan kəndində olan uşaq bağçası yenidən tikilməlidir. Sarvan kəndində uşaq bağçası yoxdur. Həmçinin içməli su, internet, yol problemləri qlobal problem olaraq qalmaqdadır. O cümlədən Salyan rayonunda sakinlərin istirahəti üçün yaşıllıqların, parkların salınması, Mədəniyyət Nazirliyinin tabeliyində olan klubların və kitabxanaların əsaslı təmir edilməsi, uşaq bağçalarının, futbol və digər idman meydançalarının tikilməsi məsələlərinin nəzərə alınmasını, idmanın inkişafı üçün regionlara daha çox maliyyə vəsaiti ayrılmasını xahiş etmişəm.

Çıxışımda, həmçinin Ərəbqardaşbəyli kəndinin və Şorsulu kəndində sonradan salınmış evlərin qazlaşdırılması məsələsinin, habelə Qızılağac, Bəydilli və Marışlı kəndlərində elektrik hava xətlərində kabelləşmə işlərinin nəzərə alınmasını xahiş etmişəm.

Dövlət tərəfindən yetərincə diqqət və qayğı göstərilən autizm və daun sindromlu şəxslərə psixoloji dəstəyin, diqqət və qayğının daha da artırılmasına ehtiyac olduğunu, eləcə də bu kateqoriyadan olan şəxslərin qayğısına qalan valideynlərin və ya onlara qulluq edən şəxslərin işlə təminatı məsələsini də qeyd etmişəm.

Eləcə də Salyan rayonu üçün xüsusi önəm daşıyan bir məsələni də səsləndirmişəm. Çıxışımda bildirmişəm ki, Salyan rayonunda vaxtilə fəaliyyət göstərmiş bir çox müəssisələr var ki, özəlləşdirilib. Lakin özəlləşdirilsə də bu gün həmin müəssisələr fəaliyyətsizdir, avadanlıqlar yararsız hala düşüb çürüyür, şəhərin görünüşünə xələl gətirir və sair. Sual olunur, əgər işlədə bilmirdinsə niyə özəlləşdirirdin ki? Təklif edirəm ki, rayonda işsizliyin qarşısının alınması üçün həmin müəssisələrin fəaliyyəti bərpa edilsin və bu məsələnin üzərində ciddi nəzarət mexanizmi tətbiq edilsin.

Digər təklifim isə təmsil etdiyim Salyan rayonunda yataqxanada yaşayan aztəminatlı vətəndaşların və gənc ailələrin güzəştli mənzillərdən yararlanması məsələsi idi. Belə ki, sosial mənzillərin tikintisi layihəsinin Salyan rayonunda da həyata keçirilməsini təklif etmişəm.


Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının üzvü və Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olaraq beynəlxalq tədbirlərdə ölkəmizi yüksək səviyyədə təmsil etmək mənim ən ali vəzifə borcumdur. Və təbii ki, Vətənini, dövlətini və dövlətçiliyini sevən bir vətəndaş kimi Azərbaycanın nüfuzu mənim üçün müqəddəsdir. Beynəlxalq fəaliyyətimi məhz bu meyarlar üzərində qurmuşam və ölkəmizin beynəlxalq aləmdə nüfuzunun daha da artmasına az da olsa töhfəm olubsa, bundan yalnız sevinə bilərəm.

2022-ci il ərzində sayı yüzlərlə olan müxtəlif beynəlxalq, sosial, iqtisadi, mədəni və s. digər tədbirlərdə iştirak etmiş, bununla yanaşı gənclərlə görüşlər keçirmiş, gənclərə dövlət siyasəti, dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin gənclər, idman və gənclərin hüquqları sahəsində həyata keçirilən islahatlar və dövlət layihələri barədə məlumat vermiş, gənclərdən öz dəstəyimi əsirgəməmişəm. Hər bir tədbir, gördüyüm işlər haqqında məlumatları sosial şəbəkə hesablarımda paylaşmışam.


Qeyd: Mənim ictimai-siyasi fəaliyyətimi əks etdirən bütün yazılarım və paylaşımlarım (4000-dən çox) “Jalə Əhmədova” facebook, “@JalaAhmadova” tvitter və “@jaleahmadovaofficial” instagram hesablarımda işıqlandırılmaqdadır.
Xəbəri paylaş