Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş, Azərbaycan xalqının milli birliyinin, bölünməzliyinin simvolu olan Dünya Azərbaycanlılarının Həmrəylik günü çoxmilyonlu soydaşlarımız üçün ən mühüm günlərdən biridir.
30 ildir ki, Dünya azərbaycanlıları ümummilli birliyinin, həmrəyliyinin rəmzi olan bu bayramı yüksək səviyyədə qeyd edir.
Yola saldığımız 2022-ci il də Milli həmrəyliyimizin daha da güclənməsi, milli İdeya ətrafında xalqımızın sıx birliyini təmin edən həmrəylik hərəkatı daha da genişləndi.
Müzəffər Ali Baş Komandan İlham Əliyev dünyanın müxtəlif bölgələrində yaşayan soydaşlarımızı Milli Birlik fəlsəfəsi ətrafında daha da sıx birləşdiribdir. Ölkəmiz 2022-ci ildə siyasi-diplomatik müstəvidə yeni uğurlarına imza atmış, beynəlxalq nüfuzu daha da möhkəmlənmişdir.
Cənab Prezident taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş 40 milyon azərbaycanlının hüquq və mənafelərinin, ana dilinin və milli-mədəni ənənələrinin, Azərbaycançılıq ideologiyasının qorunub saxlanılması və tarixi Vətənlə əlaqələrinin bərpası üçün qətiyyətli prinsipial fəaliyyət göstərməkdədir.
Cənab İlham Əliyevin Qərbi Azərbaycan İcmasının bir qrup üzvü ilə görüşü və müəyyən etdiyi strateji hədəflər də həmrəylik hərəkatının yeni dalğası deməkdir, bizim öz doğma tarixi torpaqlarımıza qayıdışımız üçün beynəlxalq hüquqi-siyasi təminatların yaradılması deməkdir.
Prezident İlham Əliyev Türk Dünyasının həmrəyliyi və birliyinin güclənməsinə də mühüm töhfələr verməkdədir. 2022-ci ildə Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşünün, Azərbaycan, Türkiyə və Türkmənistanın Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşünün keçirilməsi türk dövlətləri arasında sarsılmaz qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə töhfə vermişdir.
Yola saldığımız ildə soydaşlarımızın həyatında ən əlamətdar hadisələrədn biri Ağalı kəndində “Ağıllı kənd”in istifadəyə verilməsi, 30 ildən sonra doğma torpaqlara geri dönüşün və Böyük Qayıdışın başlanması oldu.
Cənab İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Zəngilan Beynəlxalq Hava Limanı istifadəyə verilməsi, “Dost Aqroprak” müəssisəinin açılışı da tarixi siyasi uğurlarımızda yeni səhifə açdı.
Milli həmrəyliyimizin möhkəmlənməsində Azərbaycanın Birinci-Vitse Prezidenti Mehriban xanım Əliyevanın da yorulmaz fəaliyyəti xüsusi əhəmiyyətə malikdir.
Mehriban xanım azad olunmuş ərazilərimizdə zəngin tarixi, dini və mədəni irsimizin bərpasında, mədəni quruculuq hərəkatında fəal iştirak etməkdə, Türk dünyasının mədəniyyət paytaxtı olan Şuşa şəhərinin öz tarixi simasının özünə qaytarılmasında, ənənəvi mədəniyyət tədbirləri və festivalların bərpa olunmasında misilsiz xidmətlər göstərməkdədir.
Bir daha Xalqımızı, xarici ölkələrdə yaşayan soydaşlarımızı, ümumilikdə bütün dünya azərbaycanlılarını 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ürəkdən təbrik edir, hər birinizə uzun ömür, möhkəm cansağlığı, ailənizdə xoşbəxtlik və firavan günlər, yeni-yeni uğurlar arzulayıram. Bayramınız mübarək olsun!
Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxal münasibətlər və politologiya Akademiyasının akademiki